Xocalıya qayıdanlara TƏKLİF: "5 hektar bir ailə üçün böyük həcmdə torpaq sahəsidir"

GÜNDƏM 15 avqust 2025, 18:59
"Xocalıya qayıdan məcburi köçkünlərə, daimi sakinlərə çevriləcək insanlara 5 hektar torpaq sahəsi veriləcəksə, bu, böyük nailiyyətdir. Çünki torpaq bəşərin qədimdən əsas qida mənbəyidir. Torpaqda hər cür kənd təsərrüfatı məhsulları əkib-becərmək olar. Bu o deməkdir ki, insan öz məşğulluğunu təmin edir və torpaqdan əldə etdiyi məhsulu pula dəyişməklə gəlir əldə edir. Bu da insanların maddi güzəranının təmin olunmasına səbəb olur".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib. 

"Ora köçən ailələrin hər birinə 5 hektar torpaq sahəsi versələr, çox gözəl olar. Həmin torpağın relyefi dağlıq və düzənlik hissədən ibarətdir. Əkinə yararlı torpaq hissələrində insanlar bostan, tərəvəz bitkiləri və ya meyvə ağacları əkib gəlir əldə edə bilərlər. Digər tərəfdən, mövcud olan cır meyvələrdən, meşə meyvələrindən mürəbbə bişirmək, şirə çəkmək və s. məqsədlərlə istifadə olunması mümkündür".

O bildirib ki, 5 hektar bir ailə üçün böyük həcmdə torpaq sahəsidir və ailənin güzəranının tam təmininə təminat verir:

"Üstəlik, nəzərə alsaq ki, Xocalıda əsasən dəmyə üsulu ilə becərmə aparılır, bu da məhsulun maya dəyərinin aşağı olmasına səbəb olacaq".

Qeyd edək ki, Xocalı rayonunun Xanyurdu və Ballıca kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi prosesi davam edir.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top