İlham Əliyevin döyüş meydanında qaldırdığı “dəmir yumruğu” sülh masasında da tarixə düşdü — Türkiyəli general

GÜNDƏM 13 avqust 2025, 14:36
“Dünyada yeni geosiyasi balanslar və geostrateji inkişaflar çərçivəsində qüvvələr nisbəti və mövqelər dəyişir. Təbii ki, yerləşdiyimiz Qafqaz coğrafiyasında da 2020-ci ilin balansı başqa idi, 1992-ci ilin balansı başqa idi, 2025-ci ilin balansı isə tam fərqlidir. Ona görə də mövcud prosesləri tarixi perspektivdə dəyərləndirsək, daha sağlam nəticəyə gələrik”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirib.

General-mayor deyib ki, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra bölgəyə sülh gətirmək, atəşkəsdən sonra sülh müqaviləsi imzalanmasına nail olmaq üçün Azərbaycan əlindən gələni etdi:

“Prezident İlham Əliyev ilk gündən Vaşinqton görüşünə qədər sülhə dair istək və tələblərini çatdırdı. Lakin Ermənistan kimlərdənsə dəstək axtararaq və Konstitusiyasını bəhanə edərək revanşist duyğularla hərəkət etdi. 5 il keçməsinə baxmayaraq atəşkəs sülh müqaviləsinə çevrilmədi. Dünya yenidən formalaşır. 

Üçüncü Dünya müharibəsinə doğru gedən prosesdə ölkələr mövcud balansları öz xeyirlərinə dəyişmək üçün mövqe tuturlar. Bu şəraitdə, xüsusilə də Rusiyanın Azərbaycan təyyarəsini vurması və artıq tərəfsiz mövqeyini itirməsi, eləcə də Brüsselin tərəfsizliyini itirməsi, Azərbaycanı yeni dünya geosiyasi şərtləri çərçivəsində axtarışa sövq etdi. Nəticədə, dünyanın birinci dövləti sayılan ABŞ-da, ən güclü liderin nəzarətində Ermənistan və Azərbaycan sülh protokolu imzaladı. Konstitusion maneələr aradan qalxdıqdan sonra bu sülh müqaviləsi də imzalanacaq. Sülhün əsas prinsipləri və qalıcı sülhün şərtləri artıq müəyyən olunub. 

Ən vacib məqamlardan biri də ATƏT Minsk Qrupunun iki ölkənin müraciəti ilə ləğv edilməsi prosesidir. Prezident İlham Əliyev necə ki, 2020-ci ildə Vətən müharibəsində və 24 saatlıq antiterror əməliyyatında sərt gücdən istifadə edərək qalib gəldi, Vaşinqtonda da yumşaq gücdən istifadə edərək uzunmüddətli sülhə töhfə verdi”. 

Y.Karauz qeyd edib ki, bu sülh yalnız Ermənistan-Azərbaycan sülhü deyil, həm də Ermənistan-Türkiyə barışı deməkdir:

“Bu, iqtisadi inkişaf, rifah, əmin-amanlıq və xoşbəxtlik deməkdir. Sülh həmçinin qlobal sabitliyə xidmət edəcək, Cənub–Şimal və Şərq–Qərb istiqamətində, eləcə də strateji enerji xətləri üzərində yerləşən Qafqazı daha da gücləndirəcək. Beləliklə, Prezident İlham Əliyevin döyüş meydanında qaldırdığı “dəmir yumruğu” sülh masasında “ipək əl” ilə imzalayaraq tarixə düşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fəlsəfəsi ilə hər zaman Azərbaycanın yanında olacağı bəyanatı, həmçinin Türkiyə Xarici İşlər Nazirliyinin koordinasiyalı fəaliyyəti bunun bariz nümunəsidir. 

Şərt isə Ermənistanın konstitusion maneələri aradan qaldırmasıdır. Sülh müqaviləsi imzalandığı gün Türkiyə–Ermənistan sərhədləri də açılacaq və bölgəyə sabitlik gələcək. Təbii ki, bu sabitliyin qarşısında ciddi maneələr ola bilər. Çünki bundan mənfəəti pozulan Rusiya və İran kimi ölkələr revanşist erməni qüvvələrini hərəkətə gətirərək sülhə mane olmağa cəhd göstərə bilər. Həmçinin Ermənistanda çevriliş riski də qalır. Ermənistan bu sülh protokoluna əməl etməsə, tarix qarşısında məsuliyyət daşıyacaq. Hər halda, Azərbaycan masada qalib dövlət kimi istəklərinin hamısını reallaşdırıb. Bu böyük uğur bütün Türk dünyası üçün qürur mənbəyidir”. 


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top