Bakıda mağazada meyvə satan gənc tanışına xəsarət yetirdi

HADİSƏ 13 avqust 2025, 16:09
Bakının Binəqədi rayonunda tanışlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyulun 29-da rayonun 7-ci mikrorayon, S.S.Axundov küçəsində baş verib. 

Ucar rayon sakini, 1998-ci il təvəllüdlü Sadiq həmin gün  saat 16 radələrində S.S.Axundov küçəsində satıcı işlədiyi meyvə-tərəvəz mağazasının arxasında əvvəllər tanıdığı Turalla mübahisə edib. 

Aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruq və təpiklə onun sifət və bədəninin müxtəlif nahiyələrindən qəsdən vurub. 

Hadisəni törədən Sadiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Tural onun əsəbi vaxtında gəlib və ondan söz soruşub: 

“Mən də cavab verdim. Sonra Tural əlini üzümə ataraq zarafat etdi. Mən də əl zarafatı etməməsini dedim. Tural mənə Rafaellə də belə zarafat etdiyini bildirdi. mən isə onunla belə zarafatımın olmadığını dedim.  Sonra yemək alaraq geri qayıdanda Tural məni arxaya çağırdı. Orada biz mübahisə etdik. Mən də əsəbiləşərək Turalı itələmək istədim. Həmin vaxt Tural əlini boğazıma atdıqda boğazım və köynəyim cırıldı. Mən də özümü müdafiə etmək üçün Turalı itələdim. Bu zaman o, taxta yeşiklərin üstünə üzü üstə yıxıldı. Bundan sonra isə oradan uzaqlaşdım”.

Həmçinin təqsirləndirilən şəxs bildirib ki, Tural yıxılanda ağzında qan olmayıb: 

“Söz-söhbətin böyüməməsi üçün Tural yıxılandan sonra onu qaldırdım. Dərhal hadisə yerini tərk etdim. Hadisə iyul ayında saat 4-5 radələrində baş verib. Evdə problemlərim olduğundan əsəbi halda işləmişəm. Tural məni mağazanın arxasına çağırıb. Hadisə zamanı onu yumruq və ya təpiklə vurmamışam. Hər insan əsəbi olur, lakin belə bir hadisə olmamalı idi. Hazırda törətdiyim əməldən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Turalın sözlərinə görə, hadisə  iyunun 29-da, saat 13:00-da baş verib: 

“Həmin gün meyvə dükanına girmişdim. Sadiq məni görərək yenə pul xərclədiyimi, aldığım paltarları geyinərək gəldiyimi dedi. Mən də zarafat olduğu üçün heç nə demədim. Saat 16:00 olanda isə Sadiqdən Rövşənin hara getdiyini soruşdum. 

O, da mənə xoşagəlməz söz dedi. Bundan sonra Sadiqi kənara çağırdım. Sadiqlə əl zarafatı etməmiş sadəcə mehriban davrandım, əlimi onun boynuna atdım. Sadiq arxa tərəfə gəldikdə nə üçün onunla belə danışdığımı, məndən böyük olduğunu bildirdi. Mən də “ağıl yaşda deyil, başdadır” deyə cavab verdim. Bu sözdən sonra Sadiq mənə yumruq atdı. Mən də yerə yıxıldım. Yerdə olanda Sadiq məni təpiklədi. 

Əgər Rafael adlı şəxs olmasa idi, mən hazırda yaşamayacaqdım. Mən yerdə boğulanda Rafael gəldi və Elsunu köməyə çağırdı. Rafael orada göyərti bölməsində işləyir. Elsun obyekti qoyub çıxa bilmədiyindən şahid olmayıb. Sadiq əl çəkməyərək məni döydü. Sadiqi dalaşmaq üçün yox, sözümü demək üçün arxaya çağırmışdım”. 

Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. 

Zərərçəkən ona qarşı şikayətini geri götürüb. 

Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 19:20
Top