YapiKredi Müraciət Forması
İdman Özəl

Məşhur futbolçu Osimheni transfer etmək istəyir

Məşhur futbolçu Osimheni transfer etmək istəyir

İspaniyanın "Atletiko Madrid" klubu "Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhenin transferini yenidən gündəmə gətirib. Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone rəhbərlikdən qış transfer pəncərəsində 27 yaşlı futbolçunun komandaya cəlb olunmasını istəyib.

Demokrat.az xəbər verir ki, bu barədə İspaniyanın "Directv Sports" nəşri məlumat yayıb. Bildirilir ki, Simeone hücum xəttindəki məhsuldarlıqdan narazıdır və Osimheni bu mövqedə ideal namizəd hesab edir.

Baş məşqçinin narahatlığına səbəb komandanın hazırkı hücumçularının gözlənilən nəticəni göstərə bilməməsidir. Conatan Devid, Xulian Alvares və Aleksandr Sörlot cari mövsümdə bütün turnirlərdə ümumilikdə cəmi 4 qol vurublar. Devidin hesabında 3, Alvaresin aktivində isə 1 qol var. Sörlot isə hələlik fərqlənə bilməyib.

Osimhenin fiziki gücü, müdafiəçilərin arxasına sürətli qaçışları və cərimə meydançasındakı dəqiqliyi Simeonenin onu istəməsinin əsas səbəbləri kimi göstərilir.

Qeyd edək ki, "Qalatasaray" nigeriyalı futbolçunu 2024-2025 mövsümündə "Napoli"dən icarəyə götürüb, növbəti mövsüm isə onun transfer hüquqlarını 75 milyon avroya əldə edib. Osimhenin müqaviləsində sərbəstqalma maddəsinin olmaması İstanbul klubunun mümkün transfer danışıqlarında mövqeyini gücləndirir.

Nigeriyalı hücumçu "Qalatasaray"da illik 21 milyon avro qazanır. O, Türkiyə klubunun heyətində keçirdiyi 83 oyunda 68 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb. "Atletiko Madrid"in Osimhenə əvvəlki marağına baxmayaraq, yüksək transfer və maaş tələbləri səbəbindən danışıqların nəticəsiz qaldığı bildirilir.

Jalə