YapiKredi Müraciət Forması
Texnologiya

20 yaşlı "Nokia" telefonunda ChatGPT və "Gemini" dövrü başladı

20 yaşlı Nokia telefonunda ChatGPT və Gemini dövrü başladı

2007-ci ildə təqdim edilən düyməli "Nokia 6300" telefonuna süni intellekt çat-botlarından istifadə imkanı qazandırılıb. Bunun üçün hazırlanan "Aikon" adlı proqram vasitəsilə köhnə cihazda ChatGPT, "Gemini" və "Claude" kimi süni intellekt xidmətlərindən yararlanmaq mümkündür.

Demokrat.az xəbər verir ki, bu barədə "Engadget" portalı məlumat yayıb.

Layihənin müəllifi türkiyəli proqramçı Əmir Karşiyakalidir. O, əvvəlcə "Nokia 6300" modelində "Claude" çat-botundan istifadə etməyə imkan verən "Claude S40" proqramını hazırlayıb. Daha sonra tətbiqin imkanları genişləndirilib və digər süni intellekt xidmətlərinə dəstək əlavə olunub. Aikon adı isə Nokia sözünün tərsinə yazılışından yaranıb.

Proqramın işləmə prinsipi telefonun texniki imkanlarını nəzərə alır. Belə ki, süni intellekt modelləri birbaşa cihazda işləmir. İstifadəçinin sorğusu Go proqramlaşdırma dilində hazırlanmış ayrıca serverə ötürülür, server isə seçilmiş çat-botla əlaqə yaradaraq cavabı telefona göndərir. Bu üsul köhnə cihazın zəif prosessoru və məhdud yaddaşı ilə bağlı çətinlikləri aradan qaldırmağa imkan verir.

Aikon vasitəsilə şəkillərin təhlili, 30 saniyəyədək səsli mesajların göndərilməsi və çat-botların cavablarının yaddaş kartında saxlanması da mümkündür. Kiçik ekranlarda mətnləri rahat oxumaq üçün xüsusi rejim nəzərdə tutulub. Proqram səkkiz dili də dəstəkləyir.

Bununla belə, layihənin müəyyən məhdudiyyətləri var. "Nokia 6300" yalnız 2G şəbəkəsini dəstəkləyir və bu şəbəkə bəzi ölkələrdə artıq söndürülüb. Telefonun köhnəlmiş brauzeri də müasir təhlükəsizlik protokolları ilə işləməkdə çətinlik çəkir. Buna görə də süni intellekt xidmətlərindən istifadə üçün işlək şəbəkə bağlantısı, server və seçilmiş platformanın API açarı tələb olunur. Bəzi xidmətlərdə API istifadəsi ödənişli ola bilər.

Layihənin mənbə kodu "GitHub" platformasında yayımlanıb. Bu, digər proqramçılara tətbiqi araşdırmaq və onu S40 və ya S60 əməliyyat sistemlərindən istifadə edən uyğun cihazlara uyğunlaşdırmaq imkanı verir.

Jalə