Salyanda "1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü" qeyd olunub.
Demokrat.az xəbər verir ki, 1 noyabr – Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü münasibətilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Ziyarət zamanı dahi şəxsiyyətin əziz və unudulmaz xatirəsi dərin ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edib, onların rayonun sosial-iqtisadi inkişafında, aqrar sektorun tərəqqisində və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm xidmətlərini qeyd edib.
RİH başçısı çıxışında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb. Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı, kənd təsərrüfatı istehsalının genişləndirilməsi, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
RİH başçısı kənd təsərrüfatının ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə çalışan insanların zəhmətinin və fədakar əməyinin hər zaman yüksək qiymətləndirildiyini bildirib. O, aqrar sahədə çalışan hər kəsə möhkəm cansağlığı, ailə səadəti, fəaliyyətlərində uğurlar və bol məhsul arzulayıb.


