Oktyabrın 29-u səhər saatlarında yolumuz İmişliyə düşdü. Aqrar Xidmətlər Agentliyi ilə "Azərsun Holdinq"in əməkdaşlığı çərçivəsində Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün təşkil olunan media turunda iştirak etmək üçün Bakıdan yola çıxdıq. Qarşıda bizi həm yeni məlumatlar əldə etmək, həm də şəkər istehsalının pərdəarxası ilə tanış olmaq fürsəti gözləyirdi.
Bu səfərin məqsədi yalnız bir müəssisənin fəaliyyəti ilə tanış olmaq deyildi. Əsas hədəf kənd təsərrüfatı məhsullarının emal mərhələlərini yerində görmək, aqrar sahədəki yenilikləri öyrənmək və əldə etdiyimiz məlumatları oxucularla bölüşmək idi.
Təlim "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın prioritet istiqamətlərinin media nümayəndələrinə çatdırılmasını, jurnalistlərin aqrar sahə üzrə biliklərinin artırılmasını və proqramın məqsədlərinin ictimaiyyətə daha dolğun təqdim olunmasını məqsədi daşıyırdı.
İmişliyə çatdıqdan sonra səfərimiz tanışlıq görüşü ilə davam etdi. Təlim zamanı aidiyyəti qurumların nümayəndələri ilə görüşdük. Aqrar sahədəki mövcud vəziyyət, qarşıda duran vəzifələr və media ilə əməkdaşlığın əhəmiyyəti barədə danışdıq.
Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Murtuzəli Hacıyev çıxışında aqrar jurnalistikanın inkişafına, dövlət qurumları ilə media arasında qarşılıqlı etimada və fermerlərin maarifləndirilməsinə diqqət çəkdi.
O qeyd etdi ki, son dövrlərdə aqrar sahədə ixtisaslaşmış jurnalistlərin sayında və bu istiqamətdə əməkdaşlıqda müəyyən çatışmazlıqlar hiss olunur:
"Kənd təsərrüfatında baş verən yeniliklərin, innovativ texnologiyaların, süni intellektin və elektronlaşmanın imkanlarının fermerlərə çatdırılmasında medianın üzərinə mühüm vəzifələr düşür. Aqrar jurnalistikanın missiyası yalnız xəbər yaymaqla məhdudlaşmır. Media həm də fermerlərin bilik və bacarıqlarının artırılmasına, onların elmi əsaslara söykənən məlumatlarla maarifləndirilməsinə töhfə verməlidir. Məlumatların dəqiq və etibarlı olması vacibdir. Xüsusilə yoluxucu xəstəliklər və digər həssas məsələlərlə bağlı təsdiqlənməmiş məlumatların yayılması ciddi fəsadlara səbəb ola bilər. Dövlət qurumları ilə media arasında qarşılıqlı etimadın qurulması hər iki tərəf üçün əhəmiyyətlidir".
Çuğundurdan şəkərə gedən yol
Tanışlıq görüşündən sonra əsas istiqamətimiz İmişli Şəkər Zavodu oldu. Müəssisənin fəaliyyəti ilə tanışlıq zamanı diqqətimizi çəkən ilk məqamlardan biri ərazidə toplanan şəkər çuğunduru idi. Tarlalardan yığılıb zavoda gətirilən tonlarla məhsul emal prosesinə hazırlanırdı.
Bəs şəkər süfrəmizə gələnədək hansı mərhələlərdən keçir? Bu suala cavab tapmaq üçün istehsal prosesinin ayrı-ayrı mərhələləri ilə tanış olduq.
AŞİB-in Proses və Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri keyfiyyətə nəzarət şöbəsinin müdiri Məhəmməd Abışov jurnalistlərə açıqlamasında müəssisədə istehsal prosesinə 2006-cı ildə başlanıldığını bildirdi.
Onun sözlərinə görə, şəkər çuğunduru şəkər istehsalının əsas xammalıdır və məhsulun keyfiyyətinə nəzarət zavoda daxil olduğu andan başlayır:
"Əvvəlcə tarlalardan gətirilən çuğundur tərəzilərdə çəkilir, ümumi və xalis çəkisi müəyyənləşdirilir. Daha sonra laboratoriyada məhsulun keyfiyyət göstəriciləri, o cümlədən şəkərlilik dərəcəsi yoxlanılır. Əldə olunan nəticələr avtomatik olaraq sistemə daxil edilir. Bu mərhələdən sonra yük maşınları boşaltma sahəsinə yönləndirilir. Xüsusi avtomatik sistemlərin köməyi ilə boşaldılan çuğundur silolarda saxlanılır. Boşaltma başa çatdıqdan sonra maşınlar yenidən tərəzidə çəkilir və daşınan məhsulun dəqiq miqdarı hesablanır. Növbəti mərhələdə çuğundur emala göndərilir, yuyulur, təmizlənir və istehsala hazırlanır. Müasir texnologiyaların tətbiqinin də istehsal prosesinin inkişafı üçün imkanlar yaradır.
İstehsalın bu mərhələlərini öyrəndikcə aydın olurdu ki, şəkər hazırlamaq sadəcə xammalı emal etməkdən ibarət deyil. Məhsulun çəkisindən və keyfiyyətindən tutmuş təmizlənməsinə qədər hər mərhələ diqqət və nəzarət tələb edir.
Zavodun nümayəndələri şəkərin necə əmələ gəldiyini də nümunələr üzərində izah etdilər. Prosesin mühüm mərhələlərindən biri tərkibində şəkər kristalları olan məhsulun sentrifuqaya verilməsidir. Bu aparat vasitəsilə ağ şəkər kristalları digər qarışıqlardan ayrılır. Daha sonra şəkər qurudulur".
Müəssisə nümayəndəsinin sözlərinə görə, həmin mərhələdə əldə olunan məhsul "lapa" adlanır. Lakin onu qəhvəyi şəkərlə eyniləşdirmək olmaz. Qəhvəyi şəkər xüsusi bişirilmə proseduru ilə hazırlanır və keyfiyyət göstəricilərinə görə ağ şəkərdən fərqlənir.
Qəhvəyi şəkərin ağ şəkərlə müqayisədə daha faydalı olub-olmaması ilə bağlı sualımız da cavablandırıldı. Bildirildi ki, iki məhsulun tərkibi və istehsal prosesi fərqlidir, dad xüsusiyyətləri isə tərkibindəki digər maddələrlə əlaqədardır.
Beləliklə, gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz şəkərin hazırlanmasının arxasında bir neçə mərhələdən ibarət istehsal prosesi dayanır. Çuğundurun tarladan zavoda gətirilməsi, laboratoriyada yoxlanılması, təmizlənməsi və emalı nəticəsində süfrələrimizə çatan məhsul ərsəyə gəlir.
Fermerlərə dəstək və yeni layihələr
Media turu zamanı "Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Rza Məmmədov şirkətin aqrar sahədə əməkdaşlıq istiqamətləri barədə danışdı. O bildirdi ki, tərəflər fermerlərin təlimləndirilməsi, rəqəmsal layihələrin həyata keçirilməsi və kənd təsərrüfatı istehsalçılarının müxtəlif vasitələrlə dəstəklənməsi istiqamətində birgə fəaliyyət göstərirlər:
"Aqrar sahənin inkişafı yalnız məhsul istehsalı ilə bitmir. Fermerlərin yeni biliklərə yiyələnməsi, müasir texnologiyalardan istifadə etməsi və düzgün məlumat əldə etməsi də bu prosesin mühüm hissəsidir".
Səfər çərçivəsində keçirilən görüşlərdə medianın bu biliklərin daha geniş auditoriyaya çatdırılmasındakı rolu da diqqətə çatdırıldı.
Zərərvericilərə qarşı mübarizənin yolları
Təlim zamanı aqrar sahədə qarşılaşılan problemlərdən biri qəhvəyi mərmər bağacığına qarşı mübarizə məsələsi də gündəmə gəldi.
Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə bildirdi ki, bu zərərvericiyə qarşı kimyəvi mübarizə aparılarkən insan sağlamlığı və ətraf mühitin təhlükəsizliyi nəzərə alınmalıdır.
"Kimyəvi preparatlardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etmək, qapalı məkanlarda dərmanlama aparıldıqda isə təlimatda göstərilən müddət ərzində həmin əraziyə daxil olmamaq vacibdir. Qəhvəyi mərmər bağacığı insanları sancmır və dişləmir, lakin təhlükə hiss etdikdə kəskin, xoşagəlməz qoxu yayır. Türkiyədə "taxta rəngli kokarca" adlandırılan zərərverici Qara dəniz bölgəsində geniş yayılıb. Onun Gürcüstan vasitəsilə Azərbaycana yayıldığı, mənşəyi isə Çindir. Bağacığa qarşı mübarizənin ən əlçatan üsullarından birinin mexaniki mübarizədir. Bu üsul həşəratların toplanaraq məhv edilməsini nəzərdə tutur. Həşəratları sabunlu suya salmaqla da məhv etmək mümkündür.
Kimyəvi mübarizə zamanı arıların qorunması da xüsusi əhəmiyyət daşıyır. Dərmanlama aparılan ərazilərdə arı ailələrinin olması arıçılığa və ətraf mühitə zərər vura bilər. Buna görə arıçılar əvvəlcədən məlumatlandırılmalı, müvafiq qoruyucu tədbirlər görülməlidir.
Mübarizənin digər istiqaməti isə bioloji üsullardır. Bu sahədə əsas vasitələrdən biri "samuray arısı"dır. Parazit arı zərərvericinin yumurtalarını tapır, onların daxilində inkişaf edir və bununla bağacığın çoxalmasının qarşısını alır.
Azərbaycanda da samuray arısının artırılması istiqamətində işlər aparılır. Gəncədə yaradılmış laboratoriyada Türkiyədən gətirilən nümunələr əsasında bu parazit arının çoxaldılmasına başlanılıb. Zaqatala, Qax və Qazax bölgələrində isə onun təbiətə buraxılması istiqamətində tədbirlər həyata keçirilir.
Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalana bilir. Buna görə də onun yayılmasının qarşısını almaq üçün mexaniki və bioloji mübarizə üsullarının genişləndirilməsi vacibdir. Bioloji mübarizənin nəticələrinin daha aydın görünməsi üçün isə müəyyən vaxt tələb olunur".
Bakıya dönüş
İmişlidə keçirdiyimiz gün həm yeni biliklər, həm də fərqli təəssüratlarla yadda qaldı. Zavodun istehsal prosesi ilə tanış olmaq, şəkər çuğundurunun emal mərhələlərini öyrənmək və aqrar sahənin mütəxəssisləri ilə söhbətləşmək gündəlik həyatımızda istifadə etdiyimiz məhsulların arxasında nə qədər böyük əmək dayandığını bir daha göstərdi.
Günün sonunda İmişlidə restoranda nahar etdik və Bakıya doğru yola düşdük. Təxminən dörd saat yarımlıq yolun ardından paytaxta çatdıq.
Bu media turu mənim üçün həm maraqlı, həm də maarifləndirici təcrübə oldu. Ən əsası, aqrar sahənin yalnız tarlalardan və məhsul yığımından ibarət olmadığını, istehsaldan emala, elmi yanaşmadan fermerlərin maarifləndirilməsinə qədər geniş bir prosesi əhatə etdiyini daha yaxından görmək imkanı qazandım.


