Açıq bufet sistemi ləğv edilir: İsrafa və mədəni davranış çatışmazlığına yol açır?

GÜNDƏM 12 avqust 2025, 19:12
"Açıq bufet (all-you-can-eat) sistemləri dünya üzrə sevilir. İnsanların müxtəlif yeməklərdən istədiyi qədər götürə bilməsi cazibədar olsa da, bu sistem çox vaxt israfa və mədəni davranış çatışmazlığına yol aça bilir". 

Bunu Demokrat.az-a açıqlamasında qida eksperti Fərid Səfərov deyib.

O, bildirib ki, açıq bufet sisteminin bir sıra üstünlükləri və problemləri var:

"Geniş seçim imkanı və rahatlığı çoxlarını cəlb edir ki, bu da açıq bufet sisteminin üstünlüyü sayılır.

Lakin insanlar çox vaxt ehtiyacından artıq götürür, sonra artıq yeməklər "zibilə" atılır ki, bu da həm iqtisadi, həm mənəvi baxımdan israfdır".

Ekspert bildirib ki, bu vəziyyət təkcə restoranlarda deyil, toy və yas kimi ictimai mərasimlərdə də kütləvi israfa səbəb olur:

"Hazırda mehmanxana və restoranlarda belə hallara tənqidi yanaşmalar artmaqdadır.Azərbaycanın hökuməti 2030-cu ilə qədər ərzaq israfını 50% azaltmaq niyyətindədir. Bu məqsədlə “Food Loss and Waste Prevention, Reduction and Monitoring” adlı milli strategiya hazırlanmışdır.“SnackPack” mobil tətbiqi - satılmayan yeməkləri endirimli olaraq istifadəçilərə təklif edir. Bu, həm ekoloji, həm də kommersiya baxımından faydalıdır".

Onun sözlərinə görə, Azərbaycan ictimai səviyyədə ərzaq israfına qarşı fikir və struktur dəyişikliklərinə açıqdır:

"Açıq bufet rahatlığının yaratdığı israf, milli strategiyalar, startap təşəbbüsləri və beynəlxalq tədbirlər çərçivəsində reallığa çevrilən praktiki tədbirlərlə idarə olunur. Bu, həm ekoloji, həm də sosial məsuliyyət baxımından önəmli bir addımdır".

Qeyd edək ki, açıq bufet masaları uzun illər yemək həvəskarlarının sevimlisi olsa da, bu rahatlıq çox vaxt mədəniyyətsizlik və israfla nəticələnib. Bu sistemin ləğv olunması ilə bağlı müzakirələr aparılır.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top