Deputat: Makronun və Qərbin “mülki” missiyası iflasa uğradı"

XARİCİ SİYASƏT 13 avqust 2025, 16:52
“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in 7-ci maddəsində qeyd edilir ki, tərəflər qarşılıqlı olaraq sərhəd boyunca hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Müqavilə mətninin üzərində razılığın əldə olunması və paraflanması artıq bu şərtin qəbul edildiyini təsdiqləyir. Bu isə, əslində, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü olan və Avropa İttifaqının “mülki” adı altında həyata keçirdiyi hərbi-kəşfiyyat missiyasının iflasa uğraması deməkdir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva deyib. 

O bildirib ki, missiyanın məqsədi Qərbin Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat fəaliyyəti aparmaq və Ermənistana müxtəlif istiqamətlərdə dəstək vermək idi. Sülh missiyası adı ilə əraziyə nəzarət etmək istəyi, de-fakto mövcud olan sülhə zərbə idi:

“Sülh müqaviləsinin digər mühüm bəndlərindən biri də delimitasiya və demarkasiya prosesi başa çatana qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması üçün qarşılıqlı razılaşdırılmış, hərbi sahə də daxil olmaqla, təhlükəsizlik və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.

Həmçinin, tərəflər üzərlərinə götürürlər ki, üçüncü tərəflərlə mövcud beynəlxalq razılaşmalar onların bu Saziş üzrə öhdəliklərinə xələl gətirməyəcək. Bu müddəalar da, əslində, Avropa İttifaqı missiyasının sərhəddə davamlı fəaliyyətinin hüquqi əsaslarına son qoyur və onun mövcudluğunu artıq məqsədsiz edir”.

Deputat qeyd edib ki, daim ikili standartlardan çıxış edən və Azərbaycan həqiqətlərini görməzdən gələn Avropa birtərəfli əsasda Ermənistanı dəstəkləmiş, nə işğala son qoyulmasında, nə də sülhün əldə olunmasında həlledici rol oynaya bilməmiş, əksinə, prosesləri daha da qızışdırmışdı:

“Ermənistan Baş nazirinin sülhdə maraqlı olduğunu bəyan etməsinə baxmayaraq, regionda casusluq fəaliyyəti aparan EUMA-nı dəstəkləməsi və Qərbdən hərbi yardım axtarması da bunun bariz sübutu idi. Artıq sülh müqaviləsinin imzalanması reallaşan kimi bu missiyanın fəaliyyətinə xitam verilməlidir.

Prezident İlham Əliyevin prinsipial mövqeyi və qətiyyətli siyasəti nəticəsində sülh razılaşması əldə olundu. Bu isə, Ermənistanda revanşizmi qızışdıran bir sıra qüvvələrin, eləcə də keçmiş qondarma qurumu təşviq edən Avropa Parlamenti və fransız deputatların, Avropa Şurasının və Avropa İttifaqının binokl missiyasının da iflası deməkdir”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 19:20
Top