Bakıda 40 ilə yaxın həbsxana həyatı yaşayan 64 yaşlı kişi qonşusunu bıçaqladı — TƏFƏRRÜAT

KRİMİNAL 13 avqust 2025, 15:24
Bakının Yasamal rayonunda 40 ilə yaxın həbsxana həyatı yaşayan 64 yaşlı kişi həbsdən azad olunandan sonra cəmi üç ay azadlıqda qala bilib və yenidən ağır cinayət törədib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, cinayət hadisəsi ötən ilin mayın 29-da baş verib. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Qiyas Xaliqov həmin gün saat 21:00-da yaşadığı evin qarşısında qonşusu Bəhram Mehdiyevin qardaşı Vəliyə ona (ad-soyad şərtidir – red.) qarşı xoşagəlməz sözlər işlədərək təhqir etməsinin səbəbini soruşub.
 
Yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sol iç cibində saxladığı soyuq silah hesab edilməyən qatlanan cib bıçağını çıxarıb və zərərçəkmiş şəxs döş qəsfəsindən bir dəfə vurub. 

Hadisəni törədən Q. Xaliqov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən Q. Xaliqov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2024-cü ilin fevral ayında həbsdən azad olunub: 

“Zərərçəkmiş Bəhram və Vəli qardaşdırlar, biz eyni məhəllədə yaşayırıq. Mayın 29-da, saat 20 radələrində Vəli ilə məhəllədə dayanan zaman sonuncu öz əmisi qızı Səbinə və əmisi nəvəsi Ləmanla aralarında olan intim münasibətdən danışmağa başladı. Vəlinin bu danışığı mənim xoşuma gəlmədi və ona irad bildirdim. Mən onu danladıqdan sonra evə getdim. Hətta ona danışdıqlarını qardaşı Bəhrama deyəcəyimi bildirdim. Təxminən bir saat sonra Vəli ilə Bəhram məni həyətə çağırdı. Mən onlardan nə üçün gəldiklərini soruşdum. Bəhram nəyə görə qardaşını danladığımı irad tutdu. Bəhrama qardaşının nəyə layiqdirsə, ona qarşı həmin hərəkəti etdiyimi bildirdim”. 

Məhkum qeyd edib ki, daha sonra onların arasında sözlü mübahisə yaranıb: 

“Bəhramla Vəli üzərimə hücum çəkərək məni vurmağa başladılar. Bəhram əlindəki taxta parçası ilə məni vurdu. Həmin vaxt Vəlinin əlində isə daş olub. Bəhram əlindəki taxta parçası ilə başıma vuran zaman özümü müdafiə etmək üçün üzərimdə gəzdirdiyim bıçağı əynimdəki gödəkçəmin cibindən çıxardım, bir dəfə Bəhrama tərəf zərbə endirdim. Bu zaman onu qan apardığını deyərək qaçmağa başladı. Vəli də bundan sonra məni sərbəst buraxdı. Bu zaman Bəhramı bıçaqla yaraladığımı başa düşdüm. Bundan sonrapiyada dənizkənarı bulvara getdim. Orada olarkən polis əməkdaşı zəng vuraraq məni polis bölməsinə çağırdılar. Mən də, könüllü olaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gələrək təslim oldum”.

İş üzrə zərərçəkmiş B. Mehdiyevin sözlərinə görə, mayın 29-da qardaşı Vəli ona zəng vurub və Qiyasın onu təhqir etdiyini bildirib: 

“Mən də gələrək Qiyasla danışacağımı dedim. Bundan təxminən 20 dəqiqə sonra məhəlləyə gəldim və qardaşımla birlikdə Qiyasın evinin qarşısına getdik. Qardaşım onu həyətə çağırdı. Gəldikdən sonra ona nə üçün qardaşımı təhqir etdiyini soruşdum. Qiyas yaxşı etdiyini, qardaşımın düz hərəkətlər etmədiyini söylədi. Bundan sonra Qiyasla aramızda sözlü mübahisə yarandı və cibindən bıçaq çıxararaq sol tərəfimdən qolumun altından bir dəfə zərbə vurdu. Mən xəsarət alan anda taxta parçası ilə ona zərbə endirdim. Daha sonra ağrım olduğu üçün oradan uzaqlaşdım”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə zamanı Vəlin də Qiyasa fənd edərək yer yıxıb: 

“Mən xəsarət aldıqdan sonra əmim qızı Səbinə yanıma gəldi. Onun hadisə barədə necə məlumat almasını bilməmişəm. Bundan sonra hadisə yerinə təcili tibbi yardım çağırıldı və məni xəstəxanaya apardılar. Hazırda tam sağalmışam, səhhətimdə hər hansı problemim qalmayıb. Təqsirləndirilən şəxslə barışmışam, ona qarşı şikayətim yoxdur”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Q. Xaliqov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını  ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Qeyd edək ki, ümumilikdə 40 ilə yaxın həbsxana həyatı yaşayan Q. Xaliqov ilk dəfə cinayəti 1979-cu ildə törədib. O, həmin il 2000-cü ilədək qüvvədə olmuş Azərbacan SSR Cinayət Məcəlləsinin 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib və 4 il müddətinə azadlıqdan məhrum edilib. 

O, 4 il məhkumluq həyatı yaşadıqdan sonra 1983-cü ildə həbsdən azad olunsa da, yenə də həmin il cinayət törədiyi üçün 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib və 10 il müddətinə cəza alıb. 

Qiyas Xaliqov 10 il həbsdə qaldıqdan sonra 1993-cü ildə məhkumluq həyatını başa vurub və yenidən azadlığa çıxıb. Elə həmin il yenidən ağır cinayətin törədilməsində iştirak edib və Bakı Şəhər Məhkəməsinin həmin il tarixli hökmü ilə 2000-ci ilədək qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi, 88-1-ci maddələri ilə təqsirli bilinib və yenidən 10 il müddətinə azadlıqdan məhrum edilib. 

2003-cü ildə həbsdən azad olunan Q. Xaliqov bir neçə il cinayət törətməyib. Amma 2009-cu ildə narkotik vasitələrin satışında təqsirli bilinib və Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 2009-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinib və 10 il müddətinə, Yasamal Rayon Məhkəməsinin 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Binəqədi Rayon Məhkəməsinin2024-cü. il tarixli qərarı ilə 2 ay 18 gün vaxtından əvvəl sərti azad edilib. 

Beləliklə qısa zamanlar içində azadlıqda qalan yaşlı kişi sonuncu dəfə həbsdən çıxandan sonra 3 ay azadlıqda qalıb. 64 yaşında bıçaqlanma hadisəsi törədən Q. Xaliqov bundan sonra 6 il 6 ay həbsxana həyatı yaşayacaq. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top