Ucarda 46 yaşlı kişi arvadına şiddət göstərdi

KRİMİNAL 05 avqust 2025, 19:27
Ucar rayonunda 46 yaşlı kişi mübahisə zamanı arvadına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 13-də Ucar rayonunun kəndlərindən birində baş verib. 

Kənd sakini, 1979-cu il təvəllüdlü Əhliman Babayev evlərinin mətbəxində qızı Simanın harada olmasını arvadı Zülfiyyədən (ad-soyad şərtidir – red.) soruşub. 

Bu zaman arvadı ona kobud cavab verməsi səbəbindən aralarında ailə münaqişəsi zəminində mübahisə baş verib. Mübahisə zamanı kişi yumruqla bir dəfə qadının sifətinə zərbə vurub. 

Hadisəni törədən Ə. Babayevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamı qəbul edib və özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər Rusiya Federasiyasında yaşadığı ərəfələrdə rusiyalı qadınla qeyri-rəsmi nikah münasibətində olub, həmin qadından 2007-ci il təvəllüdlü Sima adında qızı doğulub: “Simanın 1 yaşı tamam olmamış özü ilə Rusiyadan Ucar rayonunun kəndinə yaşadığım evə gətirərək saxladım, onu böyütdüm. Eləcə də 2015-ci ildə Göyçay rayon sakini Zülfiyyə ilə rəsmi nikah bağlamaqla ailə qurdum. Ondan Mehman adlı oğlum, Səyyarə adlı isə qızım dünyaya gəldi”.

Müttəhim deyib ki, oktyabrın 13-də, saat 10 radələrində yaşadıqları Ucar rayonunun kəndində yerləşən evlərinin mətbəxində arvadından Simanın harada olmasını soruşub: “Bu zaman arvadım kobud cavab verdiyi üçün aramızda mübahisə baş verdi. Oğlum Mehmanın yanında əlimin arxası ilə 1 dəfə arvadımın sifətinə vurdum. Bu vaxt onun burnundan qan açıldı. Bundan sonra yataq otağına keçərək orada oturdum”.

Ə. Babayevin ifadəsinə görə, arvadı Zülfiyyə ilə hərdən bir ailə münaqişəsi zəminində mübahisə edib. O, təhqiqat zamanı arvadını döyəndə evdə heç kimin olmamasını göstərməsinə baxmayaraq hazırda həqiqəti demək lazım olduğunu fikirləşdiyindən oğlu Mehmanın evdə olmasını, arvadına “oğraş qızı” sözünü desə də, söyüb təhqir etmədiyini, mübahisələrinin təxminən 5-10 dəqiqə davam etməsini bildirib. 

Bu cinayət işinə Ucar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ə. Babayev  1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top