"Azərbaycan beynəlxalq siyasi gücdə çəki qazanır" — Politoloq

GÜNDƏM 05 avqust 2025, 18:35
"Azərbaycan qazının Suriyaya tədarükünü yalnız bir ixrac məsələsi kimi qiymətləndirmək doğru olmaz. Bu məsələ daha geniş prizmadan dəyərləndirilməlidir. Hazırda Suriyada mərkəzi hakimiyyət tam şəkildə formalaşmayıb və xüsusilə qaz ehtiyatları baxımından strateji əhəmiyyət daşıyan ərazilər hələ də müxtəlif pozucu terror qruplaşmalarının nəzarətindədir. Bu, mövcud reallıqlardan biridir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib. 

"Lakin artıq yeni geosiyasi reallıqlar formalaşır və Azərbaycan da bu reallığa hazırlaşmalıdır. Əgər Əsəd hakimiyyəti mərkəzləşmə siyasətini davam etdirə bilsə, yaxın gələcəkdə bu terror təşkilatları sıradan çıxarılacaq və Suriyanın mərkəzi hakimiyyəti bütün suveren ərazilərində nəzarəti bərpa edəcək.

Belə olan halda, Suriyanın təbii qaz ehtiyatlarının istismarı və onların həm daxili, həm də beynəlxalq bazarlara çıxarılması məsələsi gündəmə gələcək. Bu zaman Azərbaycan, enerji sahəsində zəngin təcrübəyə malik bir ölkə kimi, Suriyanın enerji infrastrukturunun bərpası və qazın dünya bazarına çıxarılması prosesində mühüm rol oynaya bilər".

O bildirib ki, hazırda bu prosesin ilkin mərhələsindən danışmaq olar:

"Azərbaycanın Suriyaya qaz tədarükü ilə ixrac etdiyi ölkələrin sayı 12-dən 13-ə yüksəlir. Bu, həm iqtisadi baxımdan əlavə gəlir deməkdir, həm də Azərbaycanın regional təsir imkanlarını artırır. Beləliklə, Azərbaycan enerji sahəsində yalnız iqtisadi deyil, həm də siyasi aktora çevrilir.

Bu addım Azərbaycanın Yaxın Şərqdə də nüfuzunu artırır. Ölkəmiz artıq regionda iqtisadi tərəfdaşa çevrilməkdədir. Bu əlaqələr zamanla daha da genişlənə, Azərbaycan digər Yaxın Şərq ölkələrinə də qaz ixrac edə və ya enerji sahəsində ortaq layihələr həyata keçirə bilər.

Nəticə etibarilə, bu yanaşma Azərbaycana həm beynəlxalq siyasi çəkidə üstünlük qazandırır, həm də iqtisadi dividentləri artırır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top