Cənubi Qafqazdan Yaxın Şərqə: Azərbaycan qazı üçün strateji marşrut

GÜNDƏM 05 avqust 2025, 19:59
“Azərbaycan qazının Türkiyə üzərindən Suriya xətti ilə Yaxın Şərqə çatdırılması, Azərbaycanın yalnız Avropa qaz bazarından asılılığını azaltmayacaq. Eyni zamanda TANAP üzrə qoyduğu sərmayələrin müəyyən hissəsinin geri alınmasına da şərait yaradacaq”.

Bunu iqtisadçı-ekspert Razi Abbasbəyli Demokrat.az-a açıqlamasında söyləyib.

O deyib  ki, burada bir sıra regional faktorlar da mövcuddur:

“Xüsusilə bu qaz xətti Türkiyə üçün əlavə tranzit gəlirləri qazandıracaq. Bu Azərbaycanın Cənubi Qafqazdan Yaxın Şərqə uzanan enerji dəhlizi yaratmaq istiqamətində həyata keçirdiyi qlobal layihələrin əsas tərkib hissəsi kimi qiymətləndirilə bilər. Azərbaycan qazının Suriyaya və oradan da digər Yaxın Şərq ölkələrinə çatdırılması, Asiya ilə Cənubi Qafqaz arasında ticarət münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olacaq. Lakin burada müəyyən risklər də mövcuddur. Bu risklər öncədən düzgün müəyyənləşdirilməli və effektiv şəkildə idarə olunmalıdır. Sığorta mexanizmləri də düzgün işləməlidir. Çünki Azərbaycanın bu istiqamətdə qaz nəqli bir sıra Avropa ölkələrinin narahatlığına səbəb ola bilər. Həmçinin, regionda mövcud olan siyasi və hərbi gərginliklər beynəlxalq sərmayələrin risk kateqoriyasını artırır. Bu layihənin icrası Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi körpünün qurulması baxımından çox vacib və tarixi əhəmiyyətə malikdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top