Psixoloq: "Cəmiyyət bu tip hallardan mütləq xəbərdar olmalıdır"

GÜNDƏM 05 avqust 2025, 18:26
"Son dövrlərdə uşaqlara qarşı cinsi istismar halları artmaqdadır. Bəzən ailələrdə uşaqlara “böyüyə hörmət” adı altında qucaqlaşmaq, öpmək, fiziki təmas göstərmək kimi məcburi davranışlar aşılanır. Amma unutmaq olmaz ki, uşaq bizdən daha çox hiss edir və narahat olduğu insanı sezə bilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. 

"Valideynlər övladlarını yaxşı tanımalı və erkən yaşdan “məhrəmlik sərhədi”ni onlara öyrətməlidirlər. Qız və oğlan uşaqları bilməlidirlər ki, onların bədənlərinin bəzi hissələrinə yalnız valideyn (gigyenik səbəbdən) toxuna bilər. Yad insanlar heç bir şəkildə toxuna bilməz. Bu, uşağa aydın izah edilməlidir.

Uşağın davranışındakı dəyişikliklərə diqqət yetirmək vacibdir. Əgər uşaq yad birinin yanında qalırsa, valideyn onun bədən dili və psixoloji halını müşahidə etməlidir. Lazım gələrsə, həmin mühitdə kamera da quraşdırıla bilər".

O bildirib ki, əgər valideynlər işləyir və uşağa diqqət ayıra bilmirlərsə, “sadəcə mənim də uşağım olsun” deyə uşaq dünyaya gətirmək doğru deyil:

"Uşağa sevgi və təhlükəsizlik verə bilməyən insanlar bu məsuliyyəti götürməməlidirlər.

Belə hallarda bəzən gizli çəkilişlər üzə çıxır. Bu videonu kimin çəkdiyi və hansı şəraitdə çəkildiyi mütləq araşdırılmalıdır. Amma ümumilikdə bu cür hadisələr ictimailəşməli, günahkarlar cəzasını almalıdır ki, cəmiyyət xəbərdar olsun və digər valideynlər ehtiyatlı davranmağı öyrənsin.

Uşağa intim tərbiyə verilmədikdə, o, baş verənləri anlamaya bilər. Buna görə valideynlə uşaq arasında güvən münasibəti qurulmalı, uşaq fikirlərini açıq şəkildə ifadə etməyi bacarmalıdır. Uşağın axşamlar valideynlə söhbət etməsi belə travmaların qarşısını ala bilər".

Psixoloq deyib ki, əgər belə bir hadisə baş veribsə, uşaq hökmən psixoloqa yönləndirilməlidir:

"Ciddi hallarda psixoloqa və ya digər mütəxəssislərə də müraciət oluna bilər. Hadisənin detalları uşaq tərəfindən unudula bilər, amma təsiri şüuraltında qalaraq gələcəkdə psixoloji travmalara səbəb ola bilər.

Cəmiyyətin baxışı da dəyişməlidir. Uşağın heç bir günahı yoxdur və valideynlər onun arxasında durmalıdır. Uşaq rehabilitasiya olunmalı, psixoloji dəstək almalıdır. Eyni zamanda, valideynlərin davranışları da araşdırılmalıdır: niyə bu insanın yanında qoyublar? Niyə bu qədər gec xəbər tutublar? Bu suallar cavabsız qalmamalıdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top