"Azərbaycan neft ixracatçısı olan ölkə kimi..." — AÇIQLAMA

GÜNDƏM 05 avqust 2025, 19:20
“Qızılın bahalaşması, xüsusilə də dolların dəyər itirməsi fonunda baş verərsə, Azərbaycan üçün həm fürsətlər, həm də risklər yaradır. Əvvəla, Mərkəzi Bank və Dövlət Neft Fondunun qızıl ehtiyatlarının dəyəri artır, bu da maliyyə sabitliyini gücləndirir”. 

Bunu iqtisadçı-ekspert iqtisadçı-analitik Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dolların zəifləməsi neftin qiymətinə dəstək verə bilər ki, bu da ölkənin ixrac gəlirlərini yüksəldə bilər:

“Lakin qızılın qiymətindəki artım bəzən qlobal iqtisadi risklərin göstəricisidir. Bu da Azərbaycanın əsas ticarət tərəfdaşlarında iqtisadi yavaşlama riskini gündəmə gətirir. Yəni qızılın bahalaşması ölkə üçün həm əlavə gəlir mənbəyi, həm də mümkün xarici təzyiqlərə qarşı xəbərdarlıq kimi qiymətləndirilə bilər. Dolların zəifləməsi qlobal miqyasda enerji resurslarını və neftin qiymətini bahalaşdıra bilər. Azərbaycan neft ixracatçısı olan ölkə kimi, belə bir tendensiyadan müsbət mənada təsirlənə bilər. Neftin bahalaşması büdcə gəlirlərini və valyuta daxilolmalarını artırır. Bununla yanaşı, dolların zəifləməsi idxal məhsullarının maya dəyərinə təsir göstərə bilər. Lakin bu təsir uzunmüddətli deyil və çox sayda digər amildən də asılıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top