Politoloq: Azərbaycan-Pakistan münasibətləri strateji müttəfiqlik səviyyəsindədir

GÜNDƏM 17 iyul 2025, 16:13
Tehranda İran rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Pakistanın daxili işlər naziri ilə görüşdə Azərbaycanı sərt şəkildə tənqid edib. O, Bakının İsraillə əməkdaşlığını İslam dünyasına zidd addım kimi qiymətləndirib və Pakistandan Azərbaycanı bu fəaliyyətlərə görə sorğu-sual etməyi tələb edib. Vilayəti Azərbaycana qarşı uzun illərdir mənfi mövqeyi ilə tanınır.

Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib ki,  İranın Azərbaycana qarşı atdığı addımlar, xüsusilə də Pakistana yönəlmiş diplomatik fəallığı fonunda, bölgədə yeni güc balansları yaratmaq və öz təsir imkanlarını genişləndirmək cəhdidir:

“Burada bir neçə əsas məqam var. İran bir tərəfdən Pakistanla münasibətləri yaxşılaşdırmağa çalışır, digər tərəfdən bu ölkəyə qarşı əvvəllər hərbi zərbələr endirib. Bu, Tehran siyasətində qeyri-sabitlik və ikili yanaşmanın davam etdiyini göstərir. Azərbaycanla İsrail arasında sıx əməkdaşlıq İranı narahat edir. İran, bu əlaqəni əsas gətirərək, Azərbaycanı Pakistana şikayət etmək yolu ilə təzyiq göstərməyə çalışır. Halbuki Pakistan özü də İsraili rəsmi olaraq tanımayıb, lakin bu, Azərbaycanın xarici siyasət seçimlərinə təsir etmir və edə də bilməz. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycanın xarici siyasət kursu müstəqildir. Heç bir dövlət nə İran, nə də Pakistan bu kursa yön verə bilməz. Azərbaycan Türkiyə, Pakistan, İsrail və digər ölkələrlə əməkdaşlığını milli maraqları çərçivəsində və suveren şəkildə qurur”.

Politoloq diqqətə çatıdırıb ki, İranın bu səyləri, əslində, daha çox siyasi mesaj xarakteri daşıyır və real təsir gücü zəifdir:

“Azərbaycan-Pakistan münasibətləri strateji müttəfiqlik səviyyəsindədir və İslam həmrəyliyi, ortaq maraqlar və hərbi əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirir. İranın bu cəhdləri yalnız regionda gərginliyi artırmaq məqsədi daşıyır. Lakin Azərbaycanın mövqeyi və müttəfiqləri qarşısında bu yanaşmaların ciddi nəticə doğurması mümkün deyil”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top