Məktəblərdə mühüm yenilik — Nələr dəyişəcək?

GÜNDƏM 08 sentyabr 2025, 17:29
“Orta məktəblərdə elektron jurnala keçid son illərin ən mühüm islahatlarından biridir və təhsil sistemində şəffaflığın, hesabatlılığın, valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əvvəllər kağız üzərində aparılan sinif jurnalları həm müəllimlərin vaxtını alır, həm də səhvlərə və saxtalaşdırmalara açıq olurdu. Statistik məlumatlara görə, 2023-cü ildə artıq ölkə üzrə məktəblərin 90 faizindən çoxu elektron jurnal və elektron gündəlik sistemindən istifadə edir. Bu, təhsil sahəsində rəqəmsallaşmanın genişlənməsinin bariz nümunəsidir”.

Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, “Təhsil haqqında” Qanunun 14-cü maddəsində göstərilir ki, dövlət təhsildə innovasiyaların tətbiqini təmin etməli və tədrisin keyfiyyətini yüksəltmək üçün rəqəmsal texnologiyalardan istifadə etməlidir:



“Elektron jurnallar da məhz bu öhdəliyin reallaşdırılmasıdır. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış bu sistem müəllimlərə qiymətləri, davamiyyətləri və digər məlumatları operativ şəkildə daxil etmək, valideynlərin isə dərhal nəticələrdən xəbərdar olmaq imkanını yaradır.

Müsbət tərəfləri açıq şəkildə görünür. Birincisi, müəllimlər artıq kağız işlərindən xeyli azad olur, bu da onların vaxtını daha çox dərsə və şagirdlərlə ünsiyyətə sərf etməsinə şərait yaradır. İkincisi, valideynlər övladlarının qiymətlərini və davamiyyətini real vaxt rejimində görə bilirlər. Bu, valideynlərin məktəb həyatında daha fəal iştirakını təmin edir. Üçüncüsü, qiymətləndirmədə obyektivliyin artmasına şərait yaranır, çünki məlumatlar sistemdə qeyd olunur və sonradan dəyişdirilməsi çətinləşir.Mənfi tərəfi isə əsasən texniki və infrastruktur problemləri ilə bağlıdır. Xüsusən, kənd məktəblərində internetin zəif olması və ya müəllimlərin rəqəmsal bacarıqlarının yetərli olmaması müəyyən çətinliklər yaradır. Həmçinin, bəzən sistemin yüklənməsi və texniki nasazlıqlar müəllimlər və valideynlər üçün narahatlıq doğurur. Bu isə göstərir ki, elektron jurnalın effektivliyi yalnız proqramın tətbiqi ilə deyil, həm də onun dayanıqlı və keyfiyyətli işləməsi ilə bağlıdır”.

Ekspert qeyd edib ki, dünya təcrübəsinə nəzər salsaq, elektron jurnallar artıq inkişaf etmiş ölkələrin təhsil sistemində illərdir uğurla tətbiq olunur:

“Məsələn, Estoniya və Finlandiya kimi ölkələrdə valideynlər xüsusi mobil tətbiqlər vasitəsilə övladlarının nəticələrini izləyir, məktəblər isə bütün statistik məlumatları mərkəzləşdirilmiş bazaya ötürür. Bu, həm təhsil siyasətində qərarların daha elmi əsaslarla verilməsinə, həm də hər bir şagirdin fərdi inkişafının izlənilməsinə imkan yaradır. Azərbaycan bu təcrübəni tətbiq etməklə həm regionda qabaqcıl mövqeyə çıxır, həm də təhsildə rəqəmsallaşmanı sürətləndirir.
Elm və Təhsil Nazirliyinin elektron jurnalların tətbiqi istiqamətində gördüyü işlər təqdir olunmalıdır. Nazirlik həm məktəblərə texniki dəstək göstərir, həm də müəllimlər üçün təlimlər təşkil edir. Bu, rəqəmsal transformasiyanın təkcə texnoloji deyil, həm də pedaqoji tərəfini nəzərə almaq baxımından müsbət addımdır”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 18:56
Top