Azərbaycanda çalışan vətəndaşların əmək fəaliyyəti dövründə fərdi hesablarında pensiya kapitalı formalaşır. Lakin pensiya yaşına çatdıqda həmin vəsaiti bütövlükdə birdəfəlik əldə etmək mümkün deyil.
Vətəndaşın fərdi hesabında toplanan pensiya kapitalı niyə ona tam şəkildə verilmir? Bu vəsaitə sərəncam vermək hüququ hansı hallarda mümkündür?
Demokrat.az-a bu barədə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, məcburi dövlət pensiya sistemi mövcuddur və bu sistem fərqli prinsiplər əsasında qurulub:

"Belə ki, hökumət işlədiyimiz dövrdə maaşımızdan pensiya sığortası üzrə vəsait tutur və bunun müqabilində pensiya yaşına çatdıqdan sonra ömrümüzün sonuna qədər bizə pensiya ödəməyi öhdəsinə götürür. Sistemin mahiyyəti bundan ibarətdir. Tutaq ki, bir insan 65 yaşına çatdı. Pensiya yaşına çatan insanların hamısının düşüncəsi və ehtiyacları eyni olmur. Kimsə pensiya kapitalının hamısını götürərək birjaya yatırdı və ya çox istədiyi övladına ev aldı. Bəs sonra nə olacaq? Övladı ilə münasibətləri korlansa, həmin insan nə edəcək? Pensiya təminatı olmadan küçədə qalacaq, yoxsa dilənəcək? Yəni pensiya kapitalını birdəfəlik götürüb, sonradan dövlətdən yenidən pensiya almaq kimi bir anlayış yoxdur. Sistem məhz bu prinsip üzərində qurulub: işlədiyin dövrdə pensiya sığortası üzrə ödəniş edirsən, dövlət isə pensiya yaşına çatdıqdan sonra həmin şəxsə ömrünün sonuna qədər pensiya ödəyir. İcbari pensiya sistemimizin mahiyyəti budur. Sadəcə, fərdi pensiya kapitalı anlayışı insanlarda müəyyən narazılıq yaradır. Çünki bu vəsait yığım kimi qəbul olunur. Halbuki həmin kapital gələcəkdə nə qədər pensiya alacağımızı müəyyənləşdirmək, yəni pensiyanın hesablanması üçün əsasdır. Orada hər bir vətəndaşın adına faktiki olaraq ayrıca pul yığılmır".
İqtisadçı əlavə edib ki, sistemin digər xüsusiyyəti hazırda işləyən vətəndaşlardan toplanan vəsaitin pensiya alan şəxslərə ödənilməsidir:
"Bu məbləğ kifayət etmədikdə isə dövlət büdcəsindən əlavə vəsait köçürülür. Məsələn, ötən il bu məqsədlə 1,7 milyard manat ayrılıb, səhv etmirəmsə, növbəti ilin büdcəsində isə bu məbləğ 1,6 milyard manat nəzərdə tutulub. Yəni hazırda işləyənlərdən toplanan vəsait pensiya alanların təminatına tam çatmır. Özəl pensiya fondlarında isə bu məsələ həllini tapa bilər. Artıq iki-üç ildir ki, bu istiqamətdə müzakirələr aparılır. Lakin hələ real qanunvericilik bazası formalaşmayıb. Çünki söhbət uzunmüddətli vəsaitlərin idarə olunmasından gedir və bu, kifayət qədər mürəkkəb prosesdir. Özəl pensiya fondlarında belə bir sistemin qurulması nəzərdə tutulur. Ancaq bu, əlavə ödəniş tələb edəcək.
Məsələn, hazırda özəl sektorda çalışanların maaşından 10 faiz, işəgötürən tərəfindən isə 15 faiz olmaqla, ümumilikdə 25 faiz sosial sığorta haqqı ödənilir. Dövlət sektorunda çalışanlarda isə bu nisbət vətəndaş üçün 3 faiz, dövlət üçün 22 faiz təşkil edir. Həmin 25 faizlik sosial sığorta haqqının əvvəlki qaydada 90 faizi fərdi pensiya kapitalının formalaşmasına yönəldilirdi. İndi isə hökumət bu göstəricini növbəti ildən 85 faizə endirməyi nəzərdə tutur. Hər ay maaşımızdan və işəgötürənin vəsaitindən tutulan ümumi 25 faiz sosial sığorta haqqı gələcək pensiya təminatımızın formalaşmasında iştirak edir və nəticədə biz pensiya alırıq".
Xalid Kərimli bildirib ki, özəl pensiya fondlarında fərqli mexanizm tətbiq oluna bilər:
"Əgər biz öz istəyimizlə maaşımızdan əlavə vəsait ayırmaq istəyiriksə və ya iş yerimiz bizi daha çox dəyərləndirərək əlavə ödəniş edirsə, həmin vəsaiti könüllü şəkildə özəl pensiya fonduna yönəldə bilərik. Bu imkanlar da məhz bu halda əlavə hüquq kimi yarana bilər. Amma icbari pensiya sistemində belə bir mexanizm nəzərdə tutulmur və tutulması da mümkün deyil. Çünki qeyd etdiyim kimi, mövcud icbari pensiya sistemimiz özünü tam maliyyələşdirə bilmir. Dövlət hər il pensiyaların ödənilməsi üçün əlavə vəsait ayırır. Neft Fondundan pensiyaların maliyyələşdirilməsi məqsədilə hər il təxminən 1 milyard dollar vəsait ayrıldığı bildirilir. Söhbət hələ məbləğindən narazılıq etdiyimiz pensiyaların ödənilməsindən gedir. Digər tərəfdən, sual yaranır ki, ömür boyu işləməyən və pensiya hüququ qazanmayan şəxslərin təminatı necə həyata keçirilməlidir? Çünki hər kəsin pensiya hüququ yoxdur və hamı pensiya almır. Belə şəxslərə də dövlət tərəfindən sosial yardım göstərilir. Bəzən insanlar düşünürlər ki, onların pensiya üçün ödədikləri vəsait mənimsənilir və ya itir. Əslində isə sistem belə işləmir. Burada həmrəylik prinsipi əsas götürülür. Bu gün biz işləyirik və hazırda pensiya alan şəxslərin təminatında iştirak edirik. Sabah özümüz pensiya yaşına çatanda isə həmin dövrdə işləyən gənclərin ödədiyi vəsait hesabına pensiya alacağıq. Maliyyələşmə mənbəyi və mexanizmi məhz bu prinsip əsasında formalaşır".


