Kreditlər bir çox ailə tərəfindən gündəlik ehtiyacların qarşılanmasından tutmuş məişət texnikası və avtomobil alınmasına qədər müxtəlif məqsədlərlə istifadə olunur. Lakin bəzi hallarda vətəndaşlar əvvəlki borclarını ödəmək üçün yenidən kredit götürməyə məcbur qalır və nəticədə borc yükü daha da artır. Aylıq gəlirin əhəmiyyətli hissəsinin kredit ödənişlərinə yönəldilməsi ailələrin digər zəruri xərclərini qarşılamaq imkanlarını da məhdudlaşdırır.
Azərbaycanda əhalinin kreditlərə bu qədər üz tutmasının əsas səbəbləri nədir? Vətəndaşlar borc asılılığından necə çıxa bilər?
Bank məsələləri üzrə mütəxəssis Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, kreditlər müxtəlif məqsədlərin maliyyələşdirilməsi üçün verilir:

"Bura təhsil haqqı, təmir, ailə qurulması, biznes fəaliyyəti, gündəlik tələbat məhsullarının, geyim, elektronika avadanlıqları və mobil telefonların alınması daxildir. Eyni zamanda, vətəndaşlar digər banklarda olan bir və ya bir neçə kreditin bağlanaraq vahid kredit şəklində ödənilməsi üçün də müraciət edirlər. Əvvəllər şəxslərin kredit götürməsi və borc yükünün artması daha çox kortəbii şəkildə baş verirdi. Belə ki, tənzimləyici tələblərin kifayət qədər sərt olmaması səbəbindən vətəndaşlar müxtəlif banklardan istədikləri qədər kredit götürə bilirdilər. Hazırda da şəxslər müxtəlif banklara kredit üçün müraciət edə bilərlər. Lakin borcun gəlirlərə nisbəti əmsalı kimi tənzimləyici tələblər tətbiq olunduğundan, aylıq kredit ödənişləri əməkhaqqının 45 faizini keçdikdə yeni kredit müraciətinə imtina cavabı verilməsi mümkündür. Bu da vətəndaşların kortəbii şəkildə borclanmasının qarşısını alır. Məsələn, bir şəxsin artıq dörd krediti varsa və aylıq gəlirinin 90 faizi kredit ödənişlərinə yönəlirsə, beşinci kreditin götürülməsi borc yükünün gəlirləri üstələməsinə səbəb ola bilər. Əvvəllər bu sahədə tənzimləyici tələblər kifayət qədər olmadığından belə hallar baş verirdi. Hazırda isə tətbiq olunan qaydalar bu cür halların qarşısını almağa xidmət edir".
Emin Kərimov qeyd edib ki, aylıq gəlirlərin əhəmiyyətli hissəsinin kredit ödənişlərinə yönəldilməsi ailələrin digər zəruri xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırır:
"Buna görə də vətəndaşlar kredit götürərkən ilk növbədə borcun zəruriliyini və vacibliyini özləri üçün təhlil etməlidirlər. Kreditə ehtiyacın olub-olmadığını, borcun hansı problemləri həll edəcəyini və eyni zamanda hansı yeni problemlərə yol aça biləcəyini əvvəlcədən dəyərləndirmək lazımdır. Yalnız bundan sonra kredit götürmək barədə qərar verilməlidir. Çünki kortəbii şəkildə borclanmaq gələcəkdə daha zəruri və strateji məqsədlərin maliyyələşdirilməsinə mane ola bilər. Məsələn, bir şəxsin aylıq ödənişi 200 manat olan krediti var. Həmin şəxs krediti başqa bankda yeniləyərək aylıq ödənişini 300-350 manata çatdırır. Bir neçə ay sonra isə zəruri ehtiyac olmadan kiçik bir məhsul almaq üçün yenidən kredit götürür və aylıq ödənişləri 450-500 manata yüksəlir. Beləliklə, borc yükü getdikcə artır. Nəticədə, bir neçə ildən sonra həmin şəxsin xaricdə təhsil almaq imkanı yarandıqda, yeni məhsul almaq istədikdə və ya illər əvvəl aldığı mənzildə təmir işləri aparmaq niyyətinə düşdükdə maliyyə çətinliyi ilə üzləşə bilər. Halbuki xaricdə təhsil, səhiyyə, təmir işləri və digər mühüm ehtiyacların qarşılanması üçün kreditdən istifadə daha məqsədəuyğun ola bilər. Kreditin məbləğini artırmaq, kompüter və ya mobil telefonu yeniləmək kimi ikinci dərəcəli ehtiyaclar üçün təkrar borclanmaya isə daha ehtiyatlı yanaşmaq lazımdır".
Mütəxəssis bildirib ki, borc asılılığından çıxmaq üçün bir sıra qaydalara əməl etmək vacibdir:
"İlk növbədə, kreditlər tez-tez yenilənməməli, bir kredit üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra növbəti kreditin götürülməsi nəzərdən keçirilməlidir. Zəruri ehtiyac olmadığı halda lüzumsuz borclanmadan düşünülmüş şəkildə imtina edilməlidir. Bununla yanaşı, digər şəxslərin xahişi ilə onların adına kredit götürülməsi məsələsinə də xüsusi diqqət yetirilməlidir. Məsələn, ailə üzvü və ya qohumun kredit tarixçəsində gecikmələr olduğu üçün başqa bir şəxsin adına kredit götürülməsi xahiş edilə bilər. Belə hallarda nəzərə almaq lazımdır ki, borcalan krediti ödəmədiyi təqdirdə bütün öhdəliklər kredit müqaviləsini imzalayan şəxsin üzərində qalacaq. Ödəniş edilmədikdə kredit gecikməyə düşə və müqavilə sahibinin kredit tarixçəsinə də mənfi təsir göstərə bilər. Kreditlərin üst-üstə yığılmasının müxtəlif səbəbləri var. Bunların arasında zəruri ehtiyaclarla bağlı olanlar da, lüzumsuz borclanmadan qaynaqlananlar da mövcuddur. Əsas məsələ yalnız həqiqətən ehtiyac yarandıqda və borcun ödənilməsi üçün real imkan olduqda kreditə müraciət etməkdir. Kredit məqsədyönlü şəkildə götürülmədikdə və şəxsin ödəmə imkanları düzgün qiymətləndirilmədikdə ödənişlərdə gecikmələr yarana bilər. Bu isə kreditin problemli vəziyyətə düşməsinə və borcalanın kredit tarixçəsinin korlanmasına səbəb olur. Ona görə də, atalar demişkən, "yorğanına görə ayağını uzatmaq" lazımdır. Kredit öhdəliyinin illərlə davam edə biləcəyini nəzərə alaraq, borcalan krediti hansı mənbələr hesabına ödəyəcəyini əvvəlcədən müəyyənləşdirməlidir. Borclanmadan əvvəl geri ödəmə imkanlarını real şəkildə qiymətləndirmək və gələcək maliyyə vəziyyətini nəzərə almaq vacibdir".


