Münasibətlərdə gərginlik: “Əgər bu obyektlər bağlansa, ilk zərbəni Rusiyanın öz vətəndaşları görəcək”

GÜNDƏM 08 sentyabr 2025, 16:48
“Son aylarda Azərbaycan–Rusiya münasibətlərində gərginlik açıq şəkildə hiss olunur. Bu gərginlik siyasi, geosiyasi, iqtisadi, sosial-mədəni, xüsusən də media və biznes sahələrində özünü göstərir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı,  Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, Rusiya keçmiş Sovet imperiyasının varisi olaraq itirdiklərinin bir qismini geri qaytarmaq niyyətindədir:

“Bu siyasəti Ukraynada, eləcə də qonşu ölkələrlə münasibətlərində görmək mümkündür. Azərbaycan isə əksinə, regional və qlobal miqyasda mövqelərini gücləndirməkdədir. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz dünya siyasətində nüfuz qazanır. Ölkə başçısı Türkiyə, Çin, Gürcüstan, Ermənistan, İran və Orta Asiya türkdilli dövlətləri ilə əlaqələrini inkişaf etdirir, ABŞ və Avropa ilə strateji əməkdaşlığı genişləndirir. Bu faktorların bəziləri Rusiyada dar düşüncəli siyasətçilərin xoşuna gəlmir. Onlar KİV vasitəsilə Azərbaycana qarşı mənfi imic formalaşdırmağa çalışırlar”.

Sədr əlavə edib ki, son vaxtlar Rusiyada azərbaycanlılara qarşı neqativ hallar müşahidə olunur:

“Azərbaycanlı sənət adamlarının ölkəyə buraxılmaması, sərhəd xidməti və məmurlar tərəfindən kobud rəftar, iş adamlarına və diaspor nümayəndələrinə qarşı təzyiqlərin şahidi oluruq. Bununla yanaşı obyektlərin bağlanması və ya müsadirəsi bəzi tanınmış soydaşlarımızın  qara siyahıya salınaraq ölkədən çıxarılır. Bu hadisələr Azərbaycan cəmiyyətində narazılıq yaradır. Halbuki Azərbaycan hər zaman Rusiyaya dost münasibət bəsləyib, heç vaxt onun daxili işlərinə qarışmayıb. Rusiyadakı milyonlarla soydaşımız, onların qurduqları bizneslər, restoranlar, bazarlar əslində Rusiya iqtisadiyyatına böyük töhfə verir. Əgər bu obyektlər bağlansa, ilk zərbəni Rusiyanın öz vətəndaşları görəcək. Azərbaycanlı iş adamları və işçi qüvvəsi alternativlərə malikdir. Avropa, Asiya, ərəb ölkələri, hətta müharibədən sonra bərpa olunacaq Ukrayna yeni bazarlar açır. Rusiyanın bu faktoru nəzərə almaması özünə ziyan vura bilər. Rusiyada sağlam düşüncəli qüvvələrin mövcud problemlərin həllinə çalışacağına ümid qalır. Çünki Azərbaycanın itirilməsi, böyük iqtisadi və geosiyasi tərəfdaşlığın zəifləməsi Rusiyanın öz maraqlarına uyğun deyil. Azərbaycan isə öz növbəsində həm Rusiyaya, həm də digər dövlətlərə qarşı müstəqil, balanslı siyasət yürütməkdə davam edir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 18:56
Top