“Gənc ailələrə yardım fondu yaradılmalı və güzəştli mənzil kreditləri verilməlidir” — AÇIQLAMA

GÜNDƏM 17 iyul 2025, 16:02
Son illərdə gənclər arasında nikah yaşı yüksəlib. Gənclərin ailə qurmağa marağının azalması Azərbaycan cəmiyyətində ailə institutunun gələcəyi üçün sosioloji və psixoloji nəticələr doğura bilər.  Sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda gənclər arasında evlənmə yaşı getdikcə yüksəlir:

“Xüsusilə oğlanlar arasında 30-35 yaş aralığında evlənmə halları daha da artıb. Artıq nikah yaşı 25-26 yaşdan yuxarıya doğru dinamik şəkildə dəyişməkdədir. Bu tendensiyanın əsas səbəbi cəmiyyətin düşüncə tərzində baş verən transformasiya ilə bağlıdır. Əvvəllər Azərbaycan cəmiyyəti daha konservativ idi və gənclər 18 yaşdan sonra tez bir zamanda evlənməyə təşviq edilirdilər. Bu gün isə gənclər öncə təhsil almaq, karyera qurmaq, maliyyə sabitliyi və mənzil təminatı kimi şəxsi prioritetlərini həyata keçirmək istəyirlər. Bu hal təkcə Azərbaycanda deyil, qlobal miqyasda, xüsusilə Asiya ölkələrində də müşahidə olunur. Yaponiyada və Çində subaylıq sindromu yayılıb, gənclər virtual ünsiyyət vasitələri ilə sosial ehtiyaclarını qarşılamağa üstünlük verirlər. Eyni zamanda boşanma statistikasının artması da gənclərdə ailə qurmaqla bağlı tərəddüdlər yaradır”.

Sosioloq əlavə edib ki, digər vacib amil isə gənclər arasında işsizlik göstəricilərinin yüksək olmasıdır:

“Rəsmi statistikaya görə, ölkədə işsizlik səviyyəsi 5-6% arasında dəyişsə də, gənclər arasında bu rəqəm 11%-dən yuxarıdır. Bu da onların ailə qurmaq qərarını gecikdirən əsas faktorlardan biridir. Bundan başqa, gənclərin xaricə təhsil və karyera məqsədilə axını da artmaqdadır. Bu isə beyin axını ilə yanaşı, ölkədə təbii artımın zəifləməsinə, ailə-nikah münasibətlərində ləngiməyə səbəb olur. Əgər bu proses davam edərsə, orta və uzunmüddətli perspektivdə demoqrafik tarazlıq pozula bilər və Avropa ölkələrində müşahidə olunan miqrant axını problemləri ilə üz-üzə qala bilərik. Bu tendensiyanın qarşısını almaq üçün müəyyən sosial və iqtisadi dəstək tədbirləri zəruridir. Türkiyədə olduğu kimi, gənc ailələrə yardım fondunun yaradılması, güzəştli mənzil kreditləri, ailə qurmaq istəyən az təminatlı gənclərə dəstək göstərilməsi, hətta toy xərclərinin qismən qarşılanması kimi təşəbbüslər Azərbaycanda da tətbiq oluna bilər.  Hazırda Azərbaycanda güzəştli mənzil fondu mövcuddur, lakin bu fondun əhatə dairəsi genişləndirilməli və daha çox gənc ailəni əhatə etməlidir. Eyni zamanda, ölkədə ali təhsil müəssisələrinin keyfiyyətinin artırılması vacibdir ki, gənclər xaricə getmək əvəzinə, öz ölkəsində təhsil alıb burada karyera qurmağa üstünlük versinlər. Son statistikaya görə, son 5 ildə təbii artımda 38 min nəfərlik azalma qeydə alınıb. Bu isə gələcəkdə çağırışlarla səfərbərlik ehtiyatları, əmək bazarı və genofondun qorunması ilə bağlı məsələlərdə çətinliklər yarada bilər. Ona görə də, kompleks tədbirlər görülməlidir: gənclərin məşğulluğu, mənzil təminatı, təhsilə çıxışı və ailə qurmağa motivasiya olunması sahəsində dövlət dəstəyi gücləndirilməlidir. Gələcəyin sağlam və balanslı cəmiyyətinin formalaşdırılması üçün bu proseslər strateji əhəmiyyət daşıyır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top