Azərbaycanın Avrasiya nəqliyyat qovşağı və enerji dəhlizi kimi rolu daha da möhkəmlənə bilər — ŞƏRH

GÜNDƏM 17 iyul 2025, 15:22
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib ki, Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulması geosiyasi mənzərəni dəyişəcək. 

“Azərbaycan təkcə Birləşmiş Ştatlarla yaxınlaşmağa deyil, eləcə də Ermənistan və İsraillə sazişlər bağlamağa (İbrahim sazişlərinə qoşulmaq - red.) çalışır. Bu, nəinki Amerika biznesi üçün geniş kommersiya imkanları açacaq, həm də geosiyasi mənzərəni dəyişəcək", - o vurğulayıb.

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, başlanğıcda İsrail və bəzi ərəb ölkələri arasında imzalanmış bu anlaşma, Tramp administrasiyası dövründə daha geniş regional təhlükəsizlik və siyasi əməkdaşlıq çətirinə çevrilməyə başladı:

“Hədəf təkcə Orta Şərq deyil, Mərkəzi Asiya və Cənubi Qafqaz da daxil olmaqla, Çinə qarşı daha geniş strateji alyans qurmaqdır. Genişlənmiş anlaşmaya qoşulmaq Azərbaycanın regional təhlükəsizliyini gücləndirə bilər. Körfəz ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi, texnologiya transferi və sərmayə axını imkanları artar. Azərbaycanın Avrasiya nəqliyyat qovşağı və enerji dəhlizi kimi rolu daha da möhkəmlənə bilər. Bu anlaşmanın tərkib hissəsi olmaq Azərbaycanı ABŞ və İsrailin dəstəklədiyi regional blokun bir hissəsi edər və bu, İran, Rusiya və Çin kimi aktorların narahatlığına səbəb ola bilər. Regionda yeni geosiyasi qarşıdurmalar baş verərsə, Azərbaycan istər-istəməz bu gərginliklərin bir hissəsinə çevrilə bilər. Azərbaycan bu prosesə yalnız real faydalar və balanslaşdırılmış siyasət əsasında yanaşa bilər. Geosiyasi mübarizədə kim üstünlük əldə edərsə, Bakı da öz maraqları çərçivəsində davranacaq. Yəni ümumilikdə bu, həm fürsət, həm də risk daşıyan mürəkkəb prosesdir və Azərbaycan bu prosesdə pragmatik, neytral, lakin imkanları dəyərləndirən xətt götürməlidir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top