
“Ümumilikdə magistratura təhsili o qədər də keyfiyyətli deyil və bunun səbəbləri var – fundamental elmlərdə universitetlərin müasir laboratoriyalarının olmaması, müasir dərsliklərin çatışmazlığı və keyfiyyətinin aşağı olması və s.”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

O bildirib ki, magistratura pilləsində elmi tədqiqatlar aparılmalıdır və bunun üçün mövcud infrastruktur olmalıdır, hansı ki, biz bunu görə bilmirik:
“Universitetlərin magistratura pilləsində bakalavrdan fərqlənməyən bir təhsil metodu var. Sanki magistratura bakalavriat pilləsinin davamıdır – heç fərqlənməyən məzmun təqdim olunur və bunun nəticəsində biz magistraturada oxuyan şəxsə elementar bir məqalə yazma bacarığı öyrədə bilmirik. Halbuki magistr pilləsi elmi tədqiqatlar üçün ilk pillədir.
Magistrların elmi işləri köhnəlmiş mövzular olur, onların da əksərini elmi rəhbərlər yazır – burada sanki gizli bir sövdələşmə olur, məntiqlə bu nəticəyə gəlmək olar”.
Ekspert qeyd edib ki, ölkəmizdə universitetlərin təcrübi bazaları yoxdur:
“Xarici universitetlərdə isə özlərinin texnoparkları olur, nəzəriyyə ilə bərabər praktiki bacarıqlar aşılanır. Dərsliklərlə bağlı ciddi problemlər var, universitetlərin çoxunun kitabxanası heç müasir səviyyədə deyil. Universitetlər bu istiqamətdə düşünməlidirlər, çalışmalıdırlar. Görüntü naminə magistratura təhsili vermək kifayət etmir. Çünki Azərbaycanın peşəkar magistratura təhsilli kadrlara ehtiyacı var”.
Cavidan Mirzəzadə
Demokrat.az