Kreml Bakıya nümayəndə heyəti göndərir? — Deputatdan AÇIQLAMA

SİYASƏT 07 iyul 2025, 17:35
“İlk olaraq Rusiya Xüsusi Xidmət orqanlarına yaxın bir saytda belə məlumat yayımlandı ki, Rusiya prezidenti Azərbaycanla münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə heyəti göndərmək fikrindədir və bu heyət artıq formalaşmaqdadır. Nümayəndə heyətinin əsas missiyası Azərbaycan və Rusiya rəhbərliyi arasında münasibətləri normallaşdırmaq və iki ölkə arasındakı gərginliyi aradan qaldırmaqdır”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. 

O bildirib ki, münasibətlərin gərginləşməsinə səbəb olan tərəf məhz Rusiyadır:

“Bu baxımdan da Rusiyanın ilkin addım atması məntiqlidir, belə də olmalıdır. İki ölkənin dövlət başçıları arasındakı münasibətləri və gərginliyin Rusiya tərəfindən yaradılmasını nəzərə alaraq, Vladimir Putin İlham Əliyevə zəng edərək, danışaraq münasibətləri normallaşdıra bilər. İkinci Qarabağ savaşının son günlərində Rusiya helikopterinin vurulması ilə bağlı müəmmalı olaya İlham Əliyev şəxsən özü dərhal reaksiya verdi.

Həmçinin, antiterror əməliyyatları həyata keçirilərkən rus hərbçilərinin atəş altına düşmələri ilə bağlı Azərbaycan Prezidenti dərhal mövqe bildirdi. Halbuki Azərbaycan tərəfinin bu məsələlərdə günahı yox idi. Eləcə də son İsrail–İran gərginliyi zamanı Rusiya vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi prosesində çox böyük jestlər nümayiş etdirildi. Bütün bunların müqabilində biz görürük ki, Azərbaycanın təyyarəsi Rusiya hava məkanında vurulur, nə üzrxahlıq edilir, nə kompensasiya barəsində addımlar atılır”.

Deputat bildirib ki, əgər üzrxahlıq ediləcəksə, baş verən hadisənin günahkarları cəzalandırılacaqsa, biz bütün bunları adekvat qəbul edə bilərik.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 19:55
Top