Qazaxıstanda narkotikə görə həbsdə olan "Navai" ləqəbli azərbaycanlı reper Nəvai Bəkirovun vəkili sənətçinin saxlanma şəraiti və səhhəti barədə açıqlama verib.
Demokrat.az xəbər verir ki, vəkil Rena Kərimova "112"yə açıqlamasında reperin özünü yaxşı hiss etdiyini bildirib. Onun sözlərinə görə, Nəvai təcridxanada kitab oxuyur, şeirlər yazır, ünsiyyət qurur və yumor hissini qoruyub saxlayır.
"Maşında tək deyildi. Əslində, məsuliyyəti üzərinə götürə biləcək başqa şəxslər də var idi, amma Nəvai belə qərar verdi" deyə, vəkil bildirib.
Kərimova reperin günahsız olduğuna inandığını və yaxın vaxtlarda azadlığa çıxmaq şanslarını yüksək qiymətləndirdiyini qeyd edib. Bununla yanaşı, müdafiəçi reperin təqsirini etiraf edib-etməməsi ilə bağlı suala cavab verməyib. Vəkil bildirib ki, Navai işin təfərrüatlarının mətbuatda müzakirə olunmasını istəmir.
Qeyd edək ki, oktyabrın 14-də Qazaxıstana giriş zamanı reperin olduğu avtomobildə narkotik maddə aşkarlanıb. Nəvai iki aylıq həbs edilib və hazırda müvəqqəti saxlama təcridxanasındadır.


