YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Bu halda ev əldən çıxır, pul da batır — Xəbərdarlıq

Bu halda ev əldən çıxır, pul da batır — Xəbərdarlıq

İpoteka krediti ilə mənzil alan şəxslərin ödənişləri gecikdirməsi və ya borcunu ödəyə bilməməsi əmlakın itirilməsi riski yarada bilər.

Bəs ipoteka ilə alınan mənzil kredit borcu ödənilmədikdə hansı hallarda müsadirə edilə bilər?

Əmlak eksperti Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, ipoteka ilə alınan əmlakın satılması zamanı müəyyən şərtlər və hüquqi prosedurlar nəzərdə tutulur.

Bu halda ev əldən çıxır, pul da batır — Xəbərdarlıq

Onun sözlərinə görə, bu məsələdə ipotekanın dövlət və ya özəl ipoteka olmasının əhəmiyyəti olsa da, əsas məqam əmlakın hansı şərtlərlə satışa çıxarılması və satışdan əldə olunan vəsaitin necə bölüşdürülməsidir:

"Əgər vətəndaş kredit öhdəliklərini yerinə yetirə bilmirsə, qanunvericilikdə nəzərdə tutulan hallarda müvafiq kredit təşkilatı əmlakın satışını həyata keçirə bilər. Bu zaman əldə olunan vəsait ilk növbədə borcun, faizlərin və qanuni əsaslarla tələb edilən digər xərclərin ödənilməsinə yönəldilir. Qalan vəsait olduğu halda isə onun vətəndaşa qaytarılması məsələsi ortaya çıxır. Buna görə də belə halları birbaşa əmlakın müsadirə edilməsi kimi qiymətləndirmək düzgün deyil.

Lakin burada başqa bir mühüm məsələ də var. Tutaq ki, vətəndaş 10 il əvvəl daşınmaz əmlakı şərti olaraq 100 min manata alıb. İllər ərzində həmin əmlakın bazar dəyəri 60-70 faiz artaraq 160-170 min manata çatıb. Vətəndaş kredit borcunu bağlamaq, qalan vəsaitdən istifadə etmək və əmlakın qiymət artımından yararlanmaq üçün onu özü satmaq istəyir. Ancaq bank və ya digər kredit təşkilatı ipoteka ilə yüklü olan əmlakın sərbəst satışına razılıq vermir və nəticədə tərəflər arasında maraqlar toqquşması yaranır.

Əslində, vətəndaşın məqsədi əmlakı sataraq kredit öhdəliyini yerinə yetirmək, borcunu bağlamaq və satışdan qalan vəsaitdən faydalanmaqdır. Kredit təşkilatı isə öz növbəsində verdiyi kreditin geri qaytarılmasını və ipoteka təminatının qorunmasını əsas götürür. Belə vəziyyətdə əsas sual yaranır: vətəndaş kredit borcunu ödəmək imkanına malik olduğu halda, ipoteka ilə yüklü əmlakını özü sataraq borcunu bağlaya bilərmi? Əmlakın bazar dəyərinin artması nəticəsində yaranan fərqdən istifadə etmək üçün hansı hüquqi prosedurlara əməl edilməlidir?

Burada vacib məqam ondan ibarətdir ki, ipoteka ilə yüklü əmlakın satılması imkanları müvafiq müqavilənin şərtlərindən və qanunvericiliyin tələblərindən asılıdır. Buna görə də vətəndaşın əmlakı satmaq, kredit borcunu bağlamaq və satışdan əldə olunan qalıq vəsaiti almaq hüququ konkret vəziyyət nəzərə alınmaqla qiymətləndirilməlidir".