Azərbaycanda repetitor xidmətlərinin qiyməti artmaqda davam edir, bəzi müəllimlərin bir fənn üzrə aylıq hazırlıq haqqı yüzlərlə manata çatır. Bu isə övladını ali məktəbə hazırlaşdıran ailələrin büdcəsinə ciddi təsir göstərir.
Bəs məktəb təhsili ödənişsiz olduğu halda, şagirdlərin universitetə qəbul olmaq üçün əlavə hazırlığa ehtiyac duymasının səbəbi nədir və repetitor qiymətlərinin artması təhsil xərclərini hansı həddə çatdırır?
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, abituriyent qiymətləri dəhşətli dərəcədə kosmik sürətlə dəyişir.

Onun sözlərinə görə, hətta elə fənlər var ki, 253 manata, bəziləri daha artıq hazırlıq təklif edirlər:
"Məktəb təhsili ödənişsiz olsa da, valideynlərin repetitor hazırlığına üz tutmasının əsas səbəblərindən biri qəbul imtahanlarının aşağı siniflərdən 11-ci sinfə qədər olan mövzuları əhatə etməsidir. Buna görə də qəbul imtahanı sistemində dəyişiklik edilməlidir. Yəni beşinci sinifdən ta 11-ci sinifə qədər şagird məcburdur ki, bütün mövzuları bələd olsun. Yalnız istisna hallarda o şagirdlər ki, dərslərini daha yaxşı oxuyurlar aşağı siniflərdən, onlara bir o qədər repetitor hazırlığına ehtiyac duymurlar. Amma qalan əksəriyyəti məcburdur ki, 5, 6, 7, 8, 9 və 10-cu sinifdə də kursunu, öyrənməsini təşkil eləsin. Onda bir iki tədris prosesində itirmək mümkün deyil, çünki tədris ilində həmin tədris proqramına uyğun həmin il üçün onlar şagirdlərə öyrədilir.
Çünki məktəbin birbaşa funksiyası o demək deyil ki, şagirdə universiteti hazırlasın. Sadəcə ona müvafiq bilik və bacarıqları ötürməklə məşğuldur. Hazırda nazirlik tərəfindən şagirdlərin 10-11-ci siniflərdə sınaq imtahanları vasitəsilə ali məktəbə qəbul prosesinə məktəb daxilində hazırlanması və bununla da repetitor xidmətlərinə ehtiyacın azaldılması nəzərdə tutulur.
Bir növ hazırlıq prosesi məktəbin daxilində həyata keçirməyə başlanılıb. Bir çox məktəbə bu tətbiq olunub. Nəticədən müsbətə doğru dinamika olarsa, onda bu təhsil məsələsində bu modellər istifadə olunacaq, o zaman repetitor hazırlığına ehtiyac demək olar ki, kəskin şəkildə azala bilər. Amma biz ümumiyyətlə repetitorluğunu indiki vəziyyətindən ən azı minimuma yaxına gətirmək istəyiriksə, burada başlıca şərt qəbul imtahan modelini dəyişməkdir. Yəni fənlərin sayı 6-7 olmamalıdır. Burada iki fənn, üç fəndən uzaq imtahan versə abituriyent, o zaman böyük mənada təsir göstərəcək".


