Cəmiyyətdə tez-tez şəxsi gigiyena çatışmazlığı ilə əlaqələndirilən qocalıq qoxusunun əslində orqanizmdə baş verən bioloji dəyişikliklərdən qaynaqlandığı bildirilir. Bu proses təxminən 30 yaşından başlayır və qoxu daha çox 60 yaşdan sonra nəzərə çarpır.
Demokrat.az xəbər verir ki, kimyaçı Xose Mariya Anton yaşlı insanlarda hiss edilən spesifik qoxunun yaranmasında 2-nonenal adlı molekulun mühüm rol oynadığını bildirib.
Bu molekul dəridəki lipidlərin, yəni yağların tərkibində olan yağ turşularının oksidləşməsi nəticəsində əmələ gəlir. Yaş artdıqca hormonal dəyişikliklər və orqanizmin antioksidant müdafiəsinin zəifləməsi bu prosesi sürətləndirə bilər. Nəticədə dəridə daha çox 2-nonenal yaranır və xarakterik qoxu meydana çıxır.
Kimyaçı Xose Mariya Anton maddənin kəskin qoxuya malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, laboratoriya şəraitində tərkibində saf 2-nonenal olan kapsul açıldıqda belə, ətrafa yayılan qoxu olduqca güclü hiss olunur.
Bu spesifik qoxu ilk dəfə 2001-ci ildə Yaponiyanın kosmetika şirkəti "Shiseido"nun tədqiqatçıları tərəfindən araşdırılıb. Yaponiyada bu hal "Kareishu" adlandırılır.
Bildirirlər ki, 2-nonenalın əsas xüsusiyyətlərindən biri suda çətin həll olmasıdır. Buna görə də adi yuyunma vasitələri ilə onun dəridən tam təmizlənməsi çətin ola bilər. Bu isə qoxunun şəxsi gigiyena ilə birbaşa əlaqələndirilməsinin düzgün olmadığını göstərir. Digər tərəfdən, yaş artdıqca qoxu hissiyyatının zəifləməsi də bu məsələdə rol oynaya bilər. Belə ki, bəzi yaşlı insanlar öz bədənlərindən gələn qoxunu ətrafdakılar qədər aydın hiss etməyə bilərlər. Hazırda kosmetika sahəsində 2-nonenalın təsirini azaltmağa və bu molekulun yaratdığı qoxunu neytrallaşdırmağa yönəlmiş məhsullar üzərində araşdırmalar aparılır.


