İş axtaranların böyük hissəsi ilin əvvəlində, xüsusilə yanvar ayında daha fəal şəkildə müraciətlər edir. Lakin ABŞ-da 25 illik işə qəbul məlumatlarının təhlili göstərib ki, ən çox vakansiyanın açıldığı dövr ilə ən çox işə qəbulun həyata keçirildiyi vaxt üst-üstə düşmür.
Demokrat.az xəbər verir ki, karyera platforması Enhancv-nin araşdırmasına görə, işə qəbul üçün ilin ən əlverişli ayı iyundur.
Məlumata görə, yanvarda CV yükləmələri illik orta göstəricidən 11,6 faiz çox olsa da, işə qəbul 3,4 faiz aşağı düşür. Fevralda isə işə qəbul səviyyəsi orta göstəricidən 15,3 faiz aşağı olur. Bu isə ilin əvvəlində iş axtaranların sayının artmasına baxmayaraq, şirkətlərin həmin dövrdə daha az əməkdaş qəbul etdiyini göstərir.
Araşdırmada iş elanlarının əsasən aprel, iyul və oktyabr aylarında artdığı müəyyənləşdirilib. Apreldə elanların sayı orta göstəricidən 9,7 faiz, iyulda 7,2 faiz, oktyabrda isə 5,3 faiz çox olub.
İşə qəbul prosesi elanların yerləşdirilməsindən bir neçə həftə sonra sürətlənir. İşəgötürənlərin 36 faizi vakansiyanın elan edilməsindən namizədin təklif qəbul etməsinə qədər 2-4 həftə vaxt keçdiyini bildirib.
Bu səbəbdən may və iyun aylarında işə qəbul ciddi şəkildə artır. İyun ayında göstərici illik orta səviyyədən 16,3 faiz yüksək olub ki, bu da ilin ən yüksək nəticəsidir. Mayda artım 14,2 faiz, iyulda 11 faiz, avqustda isə 10,8 faiz təşkil edib.
İyunu iş axtaranlar üçün daha əlverişli edən digər amil isə rəqabətin nisbətən aşağı olmasıdır. Bu ayda müraciətlərin sayı orta göstəricidən 8 faiz aşağı düşüb. Beləliklə, iyunda həm daha çox işçi qəbul edilir, həm də vakansiyalara müraciət edənlərin sayı azalır.
Araşdırmaya görə, dekabr isə iş axtarmaqdan daha çox növbəti ilə hazırlaşmaq üçün münasib dövr hesab olunur. Həmin ayda işə qəbul orta göstəricidən 26,5 faiz aşağı olub və vakansiyaların, işə qəbulun, eləcə də CV yükləmələrinin sayı ilin ən aşağı səviyyəsinə düşüb.
Qeyd edək ki, araşdırma ABŞ əmək bazarının məlumatlarına əsaslanır. Buna görə də nəticələr digər ölkələrdə, o cümlədən Azərbaycanda işə qəbul dinamikası ilə tam üst-üstə düşməyə bilər.
Jalə


