YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Maaş alır, işləyir, amma ailəsindən ayrıla bilmir — Səbəb nədir?

Maaş alır, işləyir, amma ailəsindən ayrıla bilmir — Səbəb nədir?

Azərbaycanda gənclərin işləmələrinə baxmayaraq, öz gəlirləri hesabına müstəqil həyat qurması getdikcə çətinləşir. Kirayə qiymətləri, gündəlik xərclər və digər zəruri ehtiyaclar gənclərin qazancının böyük hissəsini əhatə edir. Nəticədə, işləyən gənclər belə maddi baxımdan ailələrindən asılı vəziyyətdə qala bilirlər.

Bəs bu problemin əsas səbəbləri nədir və gənclərin maddi müstəqilliyini təmin etmək üçün hansı addımlar atılmalıdır?

Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, əmək bazarında yaranan mürəkkəb vəziyyət və iqtisadi imkanların məhdudlaşması Azərbaycanın iqtisadi göstəricilərində də öz əksini tapır.

Maaş alır, işləyir, amma ailəsindən ayrıla bilmir — Səbəb nədir?

Onun sözlərinə görə, son dövrlərdə ölkə iqtisadiyyatının regionlarla əlaqələrinin genişlənməsi, müəyyən iqtisadi maneələr və regionda baş verən sosial-iqtisadi proseslərin Azərbaycana təsiri də aşkar şəkildə nəzərə çarpır:

"Müəyyən inkişaf meyillərinə baxmayaraq, əmək bazarında sabitliyin olmaması, gəlirlərin yetərli səviyyədə olmaması və xərclərin artması gəlirlərlə xərclər arasında uyğunsuzluq yaradır. Bu vəziyyət gəncləri daha çox çalışmağa, lakin bunun müqabilində nisbətən az gəlir əldə etməyə sövq edir. Əgər gənclər qazandıqları vəsait hesabına kirayə xərclərini, gündəlik ehtiyaclarını və digər zəruri məsrəflərini qarşılaya bilmirlərsə, deməli, əmək bazarındakı vəziyyət mürəkkəbdir. Burada əsas məsələlərdən biri iş təkliflərinin və mövcud iş yerlərinin gənclərin ehtiyaclarına uyğun olmamasıdır. Əmək bazarında müəyyən iş imkanları olsa da, bu işlərin gəlirlilik səviyyəsi və onlara olan tələbat həmişə yetərli olmur. Nəticədə gənclərin çalışmasına baxmayaraq, maddi imkanlarını yaxşılaşdırmaq imkanları məhdud qalır. Bu da onların davranışına təsir edən əsas problemlərdən biridir. Gənclərin iqtisadi müstəqilliyini təmin etməyin müxtəlif yolları var. Bunun üçün əmək bazarının tələblərinə uyğunlaşdırılması, onun səmərəli fəaliyyətinin təmin edilməsi və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi vacibdir. Müasir texnologiyalar vasitəsilə onlayn və yarımştat iş imkanlarını da genişləndirmək mümkündür. Bununla belə, alternativ imkanlar məhduddur və gənclər mövcud şəraitə uyğun seçimlər etməli, vaxtlarını düzgün bölüşdürməli və iş səmərəliliyini artırmağı bacarmalıdırlar. Gənclər daha çox tələb olunan peşələrə və gələcəkdə perspektivli ola biləcək sahələrə yönəlməlidirlər. Eyni zamanda, təhsilin keyfiyyətinə xüsusi diqqət yetirilməlidir. Təhsil səviyyəsi və peşə bacarıqları artdıqca beynəlxalq əmək bazarına inteqrasiya imkanları da genişlənir. Bu, gənclərə yalnız Azərbaycan daxilində deyil, xarici ölkələrdə də işləmək, onlayn xidmətlər göstərmək və beynəlxalq layihələrdə iştirak etmək imkanı yarada bilər.Lakin bu cür imkanlardan istifadə edərkən diqqətli olmaq lazımdır.

Çünki onlayn iş adı altında təklif olunan bəzi imkanlar aldadıcı və ya maliyyə baxımından riskli ola bilər. Buna görə də gənclərə iş təkliflərini araşdırmaq, onların etibarlılığını yoxlamaq və qərar verərkən ehtiyatlı davranmaq tövsiyə olunur.Təbii ki, gənclər çalışdıqları müddətdə müəyyən gəlir əldə edirlər. Ancaq gəlirlərlə xərclərin uzlaşdırıla bilməməsi, zəruri olmayan məsrəflərin artması, borcların yığılması və onlayn kreditlərdən düşünülməmiş şəkildə istifadə edilməsi əlavə problemlər yarada bilər. Bəzi gənclərdə bu hallar məsuliyyətdən yayınma və şəxsi maliyyəni düzgün idarə edə bilməmə kimi mənfi meyillərlə müşayiət olunur. Bu, bütün gənclərə aid olmasa da, müəyyən bir qrupda müşahidə edilə bilər. Gəlirlərlə xərclər arasında tarazlığın qorunmaması və maliyyə öhdəliklərinə ciddi yanaşılmaması vəziyyəti daha da çətinləşdirir. Digər tərəfdən, kirayə qiymətlərinin artmasını yalnız gənclərin şəxsi məsuliyyəti ilə əlaqələndirmək düzgün deyil. Bu məsələnin həllində dövlətin sosial tənzimləmə mexanizmləri də mühüm rol oynamalıdır. Əmək bazarındakı tələb və təklif nəzərə alınmaqla, yaşayış sahələrinin və yeni yaşayış massivlərinin planlaşdırılması vacibdir. Eyni zamanda, dövlətin müəyyən kateqoriyadan olan gənclərin mənzilə çıxış imkanlarının yaxşılaşdırılmasında iştirak etməsi kirayə bazarında tarazlığın yaradılmasına və qiymətlərin əhalinin gəlirlərinə daha uyğun olmasına kömək edə bilər. Düşünürəm ki, gənclərin maddi müstəqillik əldə etməsi mümkündür. Lakin bu proses bəziləri üçün uzun, digərləri üçün isə daha qısa müddət tələb edə bilər. Bu, hər bir gəncin fərdi imkanlarından, bacarıqlarından, sağlamlıq vəziyyətindən, iqtisadi fəallığından və mövcud şəraitə uyğunlaşma qabiliyyətindən asılıdır. Bilik, elm və təhsil də bu prosesdə mühüm rol oynayır. Bununla yanaşı, gənclərin yeni peşələrə yiyələnməsi, müasir bacarıqlar qazanması və əmək bazarının tələblərini düzgün qiymətləndirməsi olduqca vacibdir. Bu istiqamətdə gənclərlə aparılan işlərdə Gənclər və İdman Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür. Gənclərin məşğulluğu, iqtisadi fəallığı və işsizlik problemləri dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət bu problemlərin həlli və mövcud çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirməlidir. Gənclər siyasətinin əsas məqsədlərindən biri onların karyera qurmaq, ailə yaratmaq və mənzil-məişət problemlərini həll etmək imkanlarını genişləndirmək, rifah səviyyəsini yüksəltməkdir. Bu, gənclərin sosial təhlükəsizliyinin təmin edilməsi, nəsillərarası əlaqələrin möhkəmləndirilməsi və gələcəkdə onların cəmiyyətin inkişafında fəal iştirak edən, rəqabətqabiliyyətli qüvvəyə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır".