Türkiyəli aktyor Aras Bulut İynemli 2024-cü ildə yanğın baş verən dördmərtəbəli villasını əsaslı şəkildə təmir etdirib. Dörd ay davam edən işlərdən sonra İstanbulun Sarıyer rayonundakı ev tamamilə yenilənib.
Demokrat.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
Yanğın 2024-cü il avqustun 17-də aktyorun Uskumruköy ərazisində yerləşən villasının həyətində, sauna kimi istifadə edilən taxta tikilidə başlayıb. Alov qısa müddətdə əsas binaya keçərək evin xarici fasadını və damını əhatə edib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində hadisə nəzarətə götürülüb, xəsarət alan olmayıb. Həmin vaxt evdə olan İynemli sonradan yaşadıqlarını xatırladaraq daha ağır nəticələrin baş verməməsinə sevindiyini bildirib.
Aktyor yanğının izlərini aradan qaldırmaq üçün villasını yenidən təmir etdirmək qərarına gəlib. Məlumata görə, dörd ay davam edən işlər zamanı həm binanın xarici görünüşü, həm də daxili dizaynı yenilənib. Təmirə xərclənən dəqiq məbləğ açıqlanmasa da, aktyorun bu iş üçün böyük vəsait sərf etdiyi bildirilir.
Qeyd edək ki, Aras Bulut İynemli "Öyle Bir Geçer Zaman ki", "İçerde", "Çukur" və "Deha" seriallarındakı rolları ilə tanınıb. O, həmçinin "Atatürk 1881-1919" filmlərində Mustafa Kamal Atatürkü canlandırıb.
Jalə


