"Filmə baxana qədər çox böyük həyəcan keçirirdim. Orada mənə əziz olan insanların zəhməti var idi. Onların zəhmətinin hədər getməsindən qorxurdum".
Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Telesəhər" proqramında Vətən müharibəsinə həsr olunan "44" filmindən danışarkən deyib. Aktrisa qısa müddətdə belə bir filmin ərsəyə gəlməsinə sevindiyini bildirib:
"Təsəvvür edə bilmirdim. Müharibə haqqında film çəkmək müəyyən vaxt tələb edir: kimlərinsə danışığı, şahidliyi, materiallar yığılmalıdır. Qısa müddətdə belə filmin başa gəlməyinə sevindim.
Ssenari ilə aktyor oyunu vəhdət təşkil edirdi. Düzdür, o aktyorlar geniş tamaşaçı kütləsinə tanış deyil. Amma geniş tamaşaçı kütləsinə tanış olanlardan çox iş gördülər. Hamı elə bil baş rol idi. Hamı hadisəni yaşayıb, demir ki, çəkiliş bitsin".


