Bakıda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1973-cü il təvəllüdlü Saleh birgə yaşadıqları evdə arvadı Hicranla (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, Saleh yaşadıqları evin həyətində arvadı Hicranla övladını xəbərsiz şəkildə məktəbdən götürərək özü ilə aparması səbəbindən yaranmış münaqişə zamanı qəsdən onun saçından dartıb və sol qolunu buraraq xəsarətlər yetirib.
Saleh barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Hicranla 2002-ci ildə ailə həyatı qurduğunu və 3 övladlarının olduğunu bildirib:
"Lakin övladlarımdan biri rəhmətə getdiyi üçün hazırda iki övladım var. Birgə yaşadığımız müddətdə ailədaxili mübahisələrimiz olmasına baxmayaraq, bu barədə polisə müraciət edilməyib. Ancaq son bir neçə aydır ki, Hicran evdən çıxaraq anasına məxsus Maştağa qəsəbəsində yerləşən evə gedib və övladları ilə birlikdə hazırda orada yaşayır. Aramızda olan danışığa əsasən, övladım Asimin həftəsonları yanımda qalması barədə razılaşmışdıq".
Təqsirləndirilən şəxs deyib ki, bu səbəbdən övladı Asimi oxuduğu məktəbdən götürərək öz evinə aparıb. Onun sözlərinə görə, həmin gün saat 18:00 radələrində Hicran onun yaşadığı evin həyətinə daxil olaraq onu səsləyib və o da həyətə çıxıb:
"Bu zaman Hicran məni təhqir edərək Asimi ona verməyimi bildirdi. Hicrana etiraz edərək qapımdan getməsini tələb etdim. O, yenə də məni təhqir etdiyi üçün əsəbiləşdim. Əsəblərimi cilovlaya bilmədiyimdən onun saçlarından tutaraq dartdım və sol qolundan burdum. Ondan qapıdan uzaqlaşmasını tələb etdim".
Təqsirləndirilən şəxs bildirib ki, hadisə yaşadığı evin həyətində baş verib:
"Hicran uşağı aparmaq üçün gəlmişdi. Hazırda özüm boşanmaq üçün məhkəməyə müraciət etmişəm. Son 5-6 aydır ki, sözümüz düz gəlmədiyi üçün həyat yoldaşım evdən çıxaraq anasıgilə gedib. Uşağımızın 11 yaşı var. Əvvəllər pis vərdişlərim olub. Yoldaşımın saçını yolmağım yadıma gəlmir. Amma qolundan dartaraq darvazadan çıxardım. Biz tərəfdən barışıq üçün gediblər, lakin barışıq olmayıb. Barışıq üçün özüm də bir neçə dəfə cəhd etmişəm. 23 il bir yerdə yaşamışıq. Əməlimdən peşmanam".
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Saleh aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli


