YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Ən az elektrik enerjisi sərf edən plitə bəlli oldu – Fərq böyükdür

Ən az elektrik enerjisi sərf edən plitə bəlli oldu – Fərq böyükdür

Yemək bişirmək üçün istifadə olunan plitələrin enerji sərfiyyatı onların növündən və işləmə prinsipindən asılı olaraq ciddi şəkildə fərqlənir. İnduksiya, qaz, şüşəkeramika və çuqun plitələr arasında seçim edərkən yalnız alış qiymətini deyil, gündəlik istifadə zamanı yaranan xərcləri də nəzərə almaq vacibdir.

Demokrat.az xəbər verir ki, "Hovege" nəşrinin məlumatına görə, enerji səmərəliliyi baxımından induksiya plitələri ön plana çıxır. Bu cihazlar maqnit sahəsi vasitəsilə birbaşa qazanın və ya tavanın dibini qızdırır. Nəticədə istilik itkisi azalır, su daha tez qaynayır və yemək daha qısa müddətdə hazırlanır. İnduksiya plitələrinin faydalı iş əmsalı 85–90 faizədək çata bilər.

Mənbənin hesablamalarına əsasən, gündə təxminən bir saat istifadə edilən induksiya plitəsinin aylıq elektrik sərfiyyatı 30–35 kilovat-saat təşkil edir. Bununla belə, belə cihazlardan istifadə etmək üçün maqnit xüsusiyyətli dibə malik xüsusi qazan və tavalara ehtiyac var. Digər üstünlüyü isə səthə tökülən yemək qalıqlarının o qədər də asan yanmaması və təmizlənməsinin nisbətən rahat olmasıdır.

Qaz plitələri də bəzi evlərdə sərfəli seçim sayıla bilər. Onların faydalı iş əmsalı təxminən 40–50 faizdir. Bunun səbəbi istiliyin bir hissəsinin ətraf mühitə yayılmasıdır. Lakin qaz tarifləri münasib olduqda belə plitələrin istismarı iqtisadi baxımdan əlverişli ola bilər. Yekun xərc qazın qiymətindən, alovun gücündən və istifadə müddətindən asılıdır.

Şüşəkeramika səthli elektrik plitələri isə əvvəlcə öz səthini qızdırır, daha sonra istiliyi qaba ötürür. Bu səbəbdən onların enerji səmərəliliyi induksiya modellərindən aşağıdır. Mənbədə belə plitələrin aylıq elektrik sərfiyyatının təxminən 55–65 kilovat-saat olduğu bildirilir.

Ən çox enerji sərf edən variantlardan biri ənənəvi çuqun gözlü elektrik plitələridir. Onların qızması daha uzun çəkir və söndürüldükdən sonra da istiliyi uzun müddət saxlayır. Mənbənin hesablamalarına görə, bu cihazların aylıq sərfiyyatı 90–100 kilovat-saata çata bilər.

Beləliklə, elektrik sərfiyyatını azaltmaq və yeməyi daha tez hazırlamaq istəyənlər üçün induksiya plitəsi daha səmərəli seçim hesab olunur. Bununla belə, ailə büdcəsinə təsiri qiymətləndirərkən elektrik və qaz tariflərini, cihazın alış qiymətini, istifadə tezliyini və uyğun qabların alınması üçün tələb olunan əlavə xərcləri də nəzərə almaq lazımdır.

Jalə