Amerika jenşeninin zülal komponentləri sinir hüceyrələrini zədələnmədən qoruya və Parkinson xəstəliyinin simptomlarını zəiflədə bilər. Bu nəticəyə Çançun Çin Təbabəti Universitetinin alimləri gəliblər.
Tədqiqatın nəticələri "Nutrients" elmi jurnalında dərc olunub.
Mütəxəssislər süni yolla Parkinson xəstəliyi yaradılmış siçanlar üzərində təcrübə aparıblar. 28 gün ərzində heyvanlara Amerika jenşenindən ayrılmış zülalla zəngin fraksiya verilib, daha sonra onların hərəki qabiliyyəti, yaddaşı və beyin vəziyyəti qiymətləndirilib.
Məlum olub ki, ekstrakt qəbul edən siçanlar hərəki testlərin və məkanda oriyentasiya tapşırıqlarının öhdəsindən daha yaxşı gəliblər. Bundan əlavə, onların beynində dopamin səviyyəsi bərpa olunub və Parkinson xəstəliyinin inkişafı ilə əlaqəli zülal olan alfa-sinukleinin yığılması azalıb.
Tədqiqatçılar həmçinin iltihab proseslərinin fəaliyyətinin azaldığını və bağırsaq mikroflorasının tərkibində dəyişikliklər olduğunu aşkar ediblər. Eyni zamanda xəstəliklə əlaqəli bəzi mübadilə pozuntuları da azalıb.
Müəlliflərin fikrincə, jenşen komponentlərinin qoruyucu təsiri bağırsaq və beyin arasındakı qarşılıqlı əlaqə ilə bağlı ola bilər. Lakin bu təsirin dəqiq mexanizmi hələlik məlum deyil.
Alimlər hesab edirlər ki, Amerika jenşeni neyrodegenerativ xəstəliklərdə sinir hüceyrələrinin qorunmasına yönəlmiş yeni yanaşmaların işlənib hazırlanması üçün əsas ola bilər.


