Abşeron rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində, "AAAF-Park" yaşayış kompleksində baş verib.
Daşkəsən rayon sakini, 1990-cı il təvəllüdlü Nadir həmin kompleksdə yerləşən binalardan birinin blokunda arvadı Səidə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, onların arasında mübahisənin yaranmasına səbəb zərərçəkmiş şəxsin evə vaxtında gəlməməsi olub. Buna görə də 36 yaşlı kişi arvadına irad bildirib.
Lakin qadının ərinin iradına etiraz etməsi nəticəsində aralarında mübahisə yaranıb. Mübahisə zamanı Nadir əsəbiləşərək arvadına hücum edib, əl və yumruq zərbələri ilə onun sifətinə, boğazına, sinəsinə, başına və bədəninin digər nahiyələrinə ardıcıl zərbələr endirərək xəsarətlər yetirib.
Nadir barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu və hazırda zərərçəkmiş şəxslə barışıq əldə etdiklərini qeyd edib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli


