Xırdalanda 36 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində, AAAF Park yaşayış kompleksində yerləşən binanın həyətində baş verib.
Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Seymur "Toyota Prius" markalı avtomobilin salonunda qeyri-rəsmi nikah münasibətində olduğu Nərminənin (adlar şərtidir – red.) uşağına görə ondan 200 manat pul istəməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun qarnına, başına və boynuna yumruqla bir neçə dəfə zərbə endirərək xəsarət yetirib.
Seymur barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən zərərçəkmiş Nərminənin sözlərinə görə, o, Seymurla qeyri-rəsmi nikah münasibətində yaşayıb. Nərminə ifadəsində hamilə olduğu dövrdə Seymurun ona və gələcək övladlarına maddi yardım göstərməkdən imtina etdiyini bildirib.
O, həmçinin qeyd edib ki, Seymur hamiləlik dövründə ondan bətnindəki uşağı tələf etməsini, uşağı dünyaya gətirəcəyi halda isə onu sığınacağa verməsini tələb edib. Nərminənin sözlərinə görə, Seymur maddi dəstək göstərmək üçün ayıra biləcəyi vəsaiti xarici ölkəyə getmək üçün xərcləyib.
Zərərçəkmiş deyib ki, aralarında baş verən mübahisələr əsasən hamiləlik və sonrakı dövrdə həkim müayinələri, uşaqların saxlanılması və onların ehtiyaclarının ödənilməsi üçün zəruri olan maddi vəsaitin Seymur tərəfindən verilməməsi ilə bağlı olub.
Zərərçəkmişin sözlərinə görə, hadisə günü oğlu Amal ilə birlikdə idarə etdiyi avtomobillə Seymurun yaşadığı evin qarşısına gəlib:
"Seymurun avtomobilə minməsini istədim. Hər ikimiz avtomobildə olduğumuz zaman aramızda yenidən uşaqların maddi təminatı ilə bağlı mübahisə yarandı. Həmin mübahisə zamanı Seymur mənə bel, baş və qarın nahiyələrimdən ardıcıl və nizamsız şəkildə zərbələr endirdi. Həmin vaxt hamilə vəziyyətdə olduğumu bildiyi halda bu əməli törətdi".
Nərminə qeyd edib ki, həmin vaxt oğlu avtomobildə olub, Seymurun isə maşının yanında saxladığı digər avtomobili də olub:
"Oğlum baş verən hadisələrin hamısını gördü. Hadisədən əvvəl oğlum maşında olub. O, Seymurun atasının maşınla gəldiyini gördü və mənim maşınımdan düşdü. Həmin vaxt özüm də avtomobildən enərək Seymurun atasına dedim ki, mən sizin iki nəvənizin anasıyam. Bundan sonra Seymur atası ilə birlikdə hadisə yerindən uzaqlaşdı".
Zərərçəkmiş əlavə olaraq bildirib ki, Seymur və atası hadisə yerindən uzaqlaşdıqdan sonra təcili tibbi yardım xidmətinə zəng edib:
"Hadisə yerində olan digər şəxslər də təcili tibbi yardım xidmətinə müraciət etdilər. Bu səbəbdən yardımın məhz kimin zəngi əsasında gəldiyini bilməmişəm. Bundan sonra qonşuluqda yaşayan Şahmar adlı şəxsə telefonla zəng edərək oğlumu hadisə yerindən götürüb evə aparmasını xahiş etdim. Özüm isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gedəcəyimi dedim. Oğlumu evə aparmaq üçün çağırdığım Şahmar adlı şəxs vəziyyətimi gördükdə baş vermiş hadisənin səbəbi ilə maraqlandı. Mən isə oğlumu evə aparmasını, özümün təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılacağımı bildirdim. Hadisədən sonra 7 gün xəstəxanada müalicə almışam. Aldığım xəsarətlərlə bağlı maqnit-rezonans tomoqrafiyası müayinəsinə cəlb edilmişəm".
İş üzrə təqsirləndirilən Seymurun sözlərinə görə, o, Nərminə ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb, lakin aralarında yaranmış problemlər səbəbindən münasibətləri pozulub. O qeyd edib ki, həmin münasibətdən iki övladları var.
Seymur bildirib ki, hadisə baş verən günədək Nərminə ilə aralarında dəfələrlə pul üstündə mübahisələr olub. Onun sözlərinə görə, Nərminə yaşadığı ünvana gələrək ondan pul tələb edib:
"Bu səbəbdən aramızda münaqişələr yarandı. Həmin münaqişələrlə əlaqədar polis idarəsinə dəvət olunmuşuq. Hadisədən bir müddət əvvəl polis idarəsində aramızda razılıq əldə edildiyini bildirdim".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin razılığa əsasən Nərminəyə 500 manat verib, zərərçəkmiş isə iltizam imzalayaraq onu bir daha narahat etməyəcəyini bildirib. O, ifadəsində göstərib ki, hadisədən təxminən 20 gün əvvəl idman turniri ilə əlaqədar ölkə xaricinə gedib və ölkəyə qayıtdıqdan sonra Nərminə ondan 400 manat tələb edib.
Onun sözlərinə görə, bu tələbin səbəbini soruşduqda zərərçəkmiş şəxs əsaslı səbəb bildirməyib. Keçərli səbəb olmadığı üçün istənilən pul məbləğini ona verməyib. Bundan sonra qadından onu narahat etməməsini və yaşadığı ünvana gəlməməsini xahiş etdiyini qeyd edib.
Təqsirləndirilən şəxs bildirib ki, buna baxmayaraq, Nərminə onun dediklərinə məhəl qoymayıb, onu tanıyan şəxslərə şəkillərini göstərərək şəxsiyyətini və nüfuzunu alçaltmağa davam edib: "Hadisə günü Nərminə telefonla zəng edərək aşağı düşməyimi tələb etdi. Əks halda səs-küy salacağını bildirdi. Hadisə baş verən vaxt günün qaranlıq saatları olub. Nərminə yaşadığım binanın qarşısına gəlmişdi. Mən Nərminəyə həmin yerə gələrək səs-küy salmamasını və avtomobilə əyləşməsini təklif etdim. Avtomobilə əyləşməsini istəməkdə məqsədim yalnız söhbət etmək olub. Lakin Nərminə buna məhəl qoymayaraq səs-küy salmağa davam etdi. Sonradan isə avtomobilə əyləşdi. Avtomobildə olduğumuz zaman Nərminəni vurmamışam".
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişə maddi kömək göstərmək kimi vəzifəsi olmamasına baxmayaraq, ona müəyyən məbləğdə pul verib: "Hadisə vaxtı zərərçəkmiş şəxsin maşını mənim maşınımla yanaşı deyil, əksinə, məndən arxada, təxminən 30 metr məsafədə olub. Mən Nərminənin oğlunun maşında olduğunu sonradan görmüşəm".
Seymur ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Seymur 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli


