YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Düyünün yapışmaması üçün qablaşdırmada bu sözə diqqət edin – Aşpazlardan məsləhət

Düyünün yapışmaması üçün qablaşdırmada bu sözə diqqət edin – Aşpazlardan məsləhət

Düyünün bişdikdən sonra dənəvər qalması üçün məhsul seçərkən onun qablaşdırmasının üzərindəki məlumatlara diqqət yetirmək lazımdır. Mətbəxdə tez-tez rast gəlinən problemlərdən biri düyünün ya bərk qalması, ya da həddindən artıq bişərək sıyığa çevrilməsidir. Halbuki düzgün düyü seçimi və bir neçə sadə qaydaya əməl etməklə bu problemin qarşısını almaq mümkündür.

Demokrat.az xəbər verir ki, dənəvər düyü hazırlamaq üçün ən uyğun seçim uzun dənəli, parboiled olmayan düyüdür. Bu növ düyü bişdikdən sonra yumşaq qalır, lakin dənələri bir-birinə yapışmır. Plov və qarnir kimi yeməklərdə bu xüsusiyyət xüsusilə vacibdir. Qablaşdırmada düyünün uzun dənəli olması barədə məlumatı yoxlamaq məhsul seçimini asanlaşdıra bilər.

Qısa və yumru dənəli düyü isə bişdikdə daha çox nişasta buraxdığı üçün yapışqan quruluş alır. Bu səbəbdən həmin növ düyü sıyıq, düyülü zapekanka və suşi kimi yeməklərin hazırlanmasında daha çox istifadə olunur. Buxarda emal edilmiş, yəni parboiled düyü də alternativ sayıla bilər, lakin nəticə məhsulun xüsusiyyətlərindən və bişirmə qaydasından asılıdır.

Düyünün dənəvər alınması üçün bişirmə prosesi də düzgün təşkil edilməlidir. İlk növbədə, düyünü bir neçə dəfə soyuq su ilə yumaq lazımdır. Bu, dənələrin səthindəki artıq nişastanın və xırda çirklərin təmizlənməsinə kömək edir. Nişastanın azalması dənələrin bir-birinə yapışma ehtimalını da aşağı salır.

Daha sonra bir stəkan düyüyə təxminən iki stəkan su əlavə etmək olar. Qazan orta oda qoyulmalı, su qaynadıqdan sonra düyünün bişməsinə imkan verilməlidir. Bu mərhələdə düyünü tez-tez qarışdırmaq məsləhət görülmür. Çünki qarışdırma zamanı dənələr bir-birinə sürtünür və nişastanın ayrılması artır.

Su düyü tərəfindən çəkildikdən sonra qazanın qapağını bağlamaq və ocağı minimum səviyyəyə endirmək tövsiyə olunur. Düyü bu vəziyyətdə təxminən 11 dəqiqə saxlanıla bilər. Ocaq söndürüldükdən sonra isə qapağı dərhal açmamaq, düyünün bir qədər də dəmlənməsinə imkan vermək faydalıdır.

Beləliklə, dənəvər düyü əldə etmək üçün əsas məqamlar düzgün məhsul seçimi, düyünün əvvəlcədən yuyulması, su nisbətinin qorunması və bişirmə zamanı onu qarışdırmamaqdır. Bununla belə, suyun miqdarı və bişmə müddəti düyünün növünə və qablaşdırmada göstərilən təlimatlara uyğun olaraq dəyişə bilər.

Jalə