YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Həkimlər işdə, xəstələr də işdə — Qrafik dəyişdirilə bilər?

Həkimlər işdə, xəstələr də işdə — Qrafik dəyişdirilə bilər?

İşləyən vətəndaşlar üçün həkim qəbuluna yazılmaq və tibbi müayinələrdən keçmək bəzən ciddi çətinliyə çevrilir. Belə ki, iş saatları ilə tibb müəssisələrinin qəbul vaxtları üst-üstə düşdüyündən insanlar sağlamlıqlarına vaxt ayırmaq üçün ya işdən icazə almalı, ya da müayinələrini təxirə salmalı olurlar.

Məsələ ilə bağlı professor, tibb elmləri doktoru Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, istənilən vətəndaş icbari tibbi sığorta çərçivəsində hər hansı xidmət üçün müraciət edirsə, ilk növbədə ailə həkiminə müraciət etməlidir:

Həkimlər işdə, xəstələr də işdə — Qrafik dəyişdirilə bilər?

"Ailə həkimi vəziyyəti qiymətləndirir və həmin xidmətə ehtiyac olduğunu təsdiqlədikdən sonra növbəti mərhələyə keçilir. Müraciət zamanı növbəlilik və randevu sistemi tətbiq olunur. Vətəndaş özü randevu götürür. Bu, bir ay və ya üç ay sonraya təyin edilə bilər. Şəxs müəyyən edilmiş vaxtda müayinədən keçir. Yəni planlı müayinə üçün növbə gözlədiyi müddətdə işdən azad olunması məsələsi də bu qaydada tənzimlənir. Əslində, vəziyyət belədir. Bəzən İngiltərədə və Almaniyada da xəstələr planlı müayinə üçün bir neçə ay gözləməli olurlar. Məsələ bundan ibarətdir. Təxirəsalınmaz yardıma gəlincə, bu cür yardımlar, təbii ki, gözlədilmədən göstərilir. Xəstələr təcili yardım xidmətinə və ya xəstəxanaların təcili yardım şöbələrinə müraciət edirlər və orada lazımi tədbirlər görülür. Bəzi yüngül şikayətlər isə ailə həkimi tərəfindən yerindəcə həll olunur. Daha mürəkkəb vəziyyətlərdə isə xəstəxanaya müraciət edilir".

Məsələ ilə bağlı saytımıza danışan insan resursları meneceri Röyal Əhmədov söyləyib ki, işləyən vətəndaşların həkim qəbuluna yazılmaq və tibbi müayinələrdən keçmək zamanı çətinliklərlə üzləşməsinin əsas səbəblərindən biri tibb müəssisələrinin iş rejimi ilə vətəndaşların gündəlik iş qrafikinin uyğun gəlməməsidir:

Həkimlər işdə, xəstələr də işdə — Qrafik dəyişdirilə bilər?

"Bir çox dövlət və özəl tibb müəssisəsində qəbul saatlarının əsasən iş gününün gündüz saatlarını əhatə etməsi işləyən insanların tibbi xidmətlərdən rahat istifadə imkanlarını məhdudlaşdırır. Burada əsas məsələ yalnız həkimlərin iş qrafiki deyil, həm də səhiyyə xidmətlərinin vətəndaşların real həyat tərzinə uyğun təşkil olunmasıdır. İnsan səhər saat 9-dan axşam saat 6-dək işləyirsə, həkim qəbuluna getmək üçün iş yerindən icazə almalı, bəzən əməkhaqqında itki ilə üzləşməli və ya müayinəsini növbəti tarixə keçirməli olur. Nəticədə, bəzi vətəndaşlar sağlamlıqlarında yaranan problemlərə vaxtında diqqət yetirə bilmirlər. Hesab edirəm ki, bu məsələnin həlli üçün tibb müəssisələrində çevik xidmət modelinin tətbiqi vacibdir. Məsələn, həftənin müəyyən günlərində axşam saatlarınadək qəbulun təşkili, şənbə günləri müayinə imkanlarının genişləndirilməsi, elektron növbə sistemlərinin təkmilləşdirilməsi və əvvəlcədən onlayn qeydiyyatın əlçatan olması vətəndaşların iş və sağlamlıq arasında seçim etmək məcburiyyətini azalda bilər. Əlbəttə, bütün tibb müəssisələrinin iş saatlarını uzatmaq həm kadr, həm də maliyyə baxımından müəyyən çətinliklər yarada bilər. Buna görə də hər müəssisənin imkanları və əhalinin tələbatı nəzərə alınaraq mərhələli həll yolları tətbiq edilməlidir. Digər tərəfdən, işəgötürənlərin də bu məsələdə rolu var. İşçilərin tibbi müayinələrə getməsi üçün qanunvericiliyə uyğun şərait yaradılmalı, sağlamlıqla bağlı müraciətlərə anlayışla yanaşılmalıdır. Əsas məqsəd insanların sağlamlıqlarını qorumaq üçün işlərini riskə atmaq və ya müayinələrini təxirə salmaq arasında seçim etməməsidir. Çevik tibbi xidmətlər həm vətəndaşların rifahına, həm də cəmiyyətdə sağlamlıq mədəniyyətinin formalaşmasına müsbət təsir göstərə bilər".

FH
Fidan Hacızadə
Müxbir