Tranzit daşımalarda artan imkanlar: ADY Çin şirkətləri ilə əməkdaşlığı gücləndirir — FOTOLAR

SOSİAL 07 iyul 2025, 17:55

Səfər çərçivəsində Lyanyunqan Limanının rəhbəri Van Qoi Çao ilə görüşdə ADY-nin bu limanla əməkdaşlığının Şərq və Qərb arasında, xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat bağlantısının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Hazırda Çin və Azərbaycan arasında yükdaşımaların artan dinamikasının müşahidə olunduğu bildirilib.

2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu mənada, Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkilinin prioritet istiqamətlərdən biri olduğuna diqqət çəkilib.

Qeyd olunub ki, bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Limanı rəsmi olaraq ADY-nin strukturuna inteqrasiya olunub. Bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına və beynəlxalq tərəfdaşlara kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir.

Bakı Limanı Asiya və Avropa arasında yük axınının təmin edilməsində vacib rol oynayır. Hazırda limanın yükaşırma gücü ildə 15 milyon ton, o cümlədən 150 min TEU konteyner təşkil edir. Gələcəkdə isə limanın ümumi gücünün ildə 25 milyon ton, o cümlədən 500 min ton TEU konteyner olacağı nəzərdə tutulur.

Van Qoi Çao deyib ki, Lyanyunqan Limanı təkcə Çin deyil, Yaponiya və Koreya məhsullarının da ixracını həyata keçirir, bu da marşrutun əhəmiyyəti və yükdaşıma coğrafiyasını genişləndirir. O əmin olduğunu bildirib ki, qarşılıqlı fəaliyyət nəqliyyat əlaqələrin möhkəmləndirilməsinə və Lyanyunqan–Bakı marşrutunun Avrasiya məkanında daha rəqabətqabiliyyətli olmasına imkan verəcək.

“China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin prezidenti Yan Binlə görüşdə isə ADY sədri Rövşən Rüstəmov CRCT-nin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının əhəmiyyətini qeyd edib.

Bildirilib ki, CRCT-nin birgə müəssisənin işində aktiv iştirakı regionun logistika üzrə əlaqələrini, Orta Dəhliz boyunca şirkətlərin rolunu gücləndirəcək və marşrutun səmərəliliyini artıracaq.

Görüşdə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması potensialının olduğu bildirilib. Çin–Azərbaycan–Çin istiqamətində konteyner daşımaları həcminin çoxaldılması və logistikanın optimallaşdırılması məqsədilə rəqəmsal həllərin tətbiqi, 2025-ci ilin ikinci yarısında göndərişlərin artırılması üçün fəaliyyət planının razılaşdırılması, liman-dəmiryol infrastrukturunun inteqrasiyası kimi mühüm məsələlər müzakirə olunub.

Qeyd edək ki, ADY nümayəndə heyətinin Çinə səfəri iyulun 11-dək davam edəcək.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 19:55
Top