Vüqar Bayramov: "Zəngəzur dəhlizi enerji nəqlində də mühüm rol oynayacaq"

GÜNDƏM 28 avqust 2025, 13:48
“Alternativ mənbələrdən enerji hasilatının artması Azərbaycan üçün həm daxili istehlakda yaşıl enerjinin payının artırılması, həm də ixrac imkanlarının genişlənməsi deməkdir. Azərbaycan artıq bu sahədə praktik addımlar atır və bu, ölkənin yaşıl enerjini, o cümlədən günəş və külək enerjisini Avropa daxil olmaqla daha geniş bazarlara çıxarmaq potensialını gücləndirir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra bu dəhliz vasitəsilə enerji nəqlinin də həyata keçirilməsi planlaşdırılır:

“Bu, Azərbaycanın enerji strategiyasında mühüm rol oynayacaq. Yüksək yaşıl enerji potensialından səmərəli istifadə həm ixrac imkanlarını artıracaq, həm də ölkəyə daxil olan valyuta axınını genişləndirəcək. Bu proses enerji istehlak strukturunda da dəyişikliklərə səbəb olacaq. Azərbaycan 2030-cu ilə qədər ümumi istehlakda yaşıl enerjinin payını 35 %-ə çatdırmağı və eyni zamanda karbon emissiyalarını 40 % azaltmağı hədəfləyir. Bu məqsədlər çərçivəsində yaşıl enerjinin payının artması, mavi qazın daxili istehlakda qənaətlə istifadəsinə və onun daha çox ixrac olunmasına şərait yaradacaq. Həm elektrik enerjisinin ixracı, həm də mavi qazın nəqli genişlənəcək. Bu isə Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Ölkəyə daxil olan valyutanın həcmini artırmaqla iqtisadi artım tempinin sürətlənməsinə səbəb olacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top