“Quru sərhədlərin bağlı saxlanılması Azərbaycanın təhlükəsizlik strategiyasının mühüm hissəsidir” — Deputat

XARİCİ SİYASƏT 21 iyun 2025, 14:44
“Azərbaycanın quru sərhədlərinin uzun müddətdir bağlı qalması cəmiyyətdə bəzən müzakirələr doğursa da, bu qərarın arxasında dayanan əsas səbəb dövlət təhlükəsizliyi və milli maraqların qorunmasıdır. 2024-cü ildə Prezident İlham Əliyevin Milli Məclisin yeni çağırışının ilk iclasında sərhəd təhlükəsizliyi ilə bağlı ifadə etdiyi mövqe, bu qərarın mahiyyətini açıq şəkildə ortaya qoymuşdur. Prezidentin çıxışından aydın oldu ki, Azərbaycan regiondakı gərginlikləri nəzərə alaraq suverenliyini və vətəndaş təhlükəsizliyini ön planda tutur”.

Bunu Deputat Naqif Həmzəyev Demokrat.az-a açıqlamasında deyib. 

O əlavə edib ki, hazırda Azərbaycanın həm şimal, həm də cənub sərhədlərində gərginliklər müşahidə edilir:

“Xüsusilə İranla sərhəd xəttindəki qeyri-sabitlik, bəzən təhlükəli toqquşmalar, eləcə də oradakı geosiyasi proseslər sübut edir ki, bu qərar vaxtında və zəruri şəkildə verilib. İranla sərhəddə baş verənlər fonunda bir çox ölkələrin diplomatik nümayəndəliklərinin öz fəaliyyətlərini müvəqqəti olaraq Azərbaycana köçürməsi, ölkəmizin təhlükəsiz və sabit bir məkana çevrildiyini göstərir. Azərbaycan bu mərhələdə sərhədlərini açmasa da, hava məkanı humanitar və mülki məqsədlərlə tam açıqdır. Hərbi məqsədlərlə isə hava məkanının istifadəsinə heç zaman icazə verilməyib. Bu da Azərbaycanın bölgədə barış və təhlükəsizlik tərəfdarı olduğunu nümayiş etdirir. Ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, Azərbaycan bölgədə yeni reallıqlar yaradıb və Cənubi Qafqazın lider dövlətinə çevrilib”. 

Millət vəkili bildirib ki, quru sərhədlərin bağlı saxlanılması da bu liderlik mövqeyinin qorunması və potensial risklərin öncədən qarşısının alınması məqsədi daşıyır:

“Azərbaycan-Türkiyə birliyi, Türk dövlətlərinin güclənməsi, Azərbaycanın geosiyasi rolunun artması bütün bunlar quru sərhədlərin bağlı qalmasının zəruriliyini izah edən əsas amillərdəndir. Bununla yanaşı, dövlət humanitar missiyalarını da unutmur Azərbaycan öz ərazisindən keçən xarici vətəndaşlara yardım göstərir, onlara təhlükəsiz tranzit imkanı yaradır. Bu isə dövlətimizin həm humanist, həm də məsuliyyətli yanaşmasının bariz nümunəsidir. Nəticə etibarilə, hazırkı şəraitdə quru sərhədlərin bağlı saxlanılması Azərbaycanın təhlükəsizlik strategiyasının mühüm bir hissəsidir. Bu qərar milli maraqlara, suverenlik prinsipinə və regional sabitliyə xidmət edir. Azərbaycan dövləti risklər minimuma endirildikdən sonra bu məsələni bir daha nəzərdən keçirəcək. O vaxta qədər isə vətəndaş təhlükəsizliyi və dövlət suverenliyi prioritet olaraq qalacaqdır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top