Qobu qəsəbəsində ailədaxili mübahisə: 48 yaşlı kişi...

KRİMİNAL 22 sentyabr 2025, 19:13
Abşeron rayonunda 48 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 11-də rayonun Qobu qəsəbəsində baş verib. Şəki rayon sakini, 1977-ci il təvəllüdlü Ramil həmin gün saat 14:30-da ailə üzvləri ilə bərabər yaşadığı fərdi yaşayış evində arvadı Röyalənin (adlar şərtidir – red.) onun istədiyi qaydada yemək süfrəsini hazırlamadığına görə irad bildirdikdə, aralarında mübahisə yaranıb. 

Aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verərkən həmin mübahisə əsnasında həmin ünvanda zərərçəkmiş şəxsin üzərinə hücum edib, əvvəlcə əl, yumruq zərbələri ilə onun sifət, baş nahiyələrinə ardıcıl vurub. 

Ardınca evin həyətindən bir ədəd taxta parçasını əlinə götürüb və geri evin içərisinə qayıdıb. Taxta parçası ilə zərərçəkmiş şəxsin baş, qol, bel və bədəninin müxtəlif nahiyələrinə qəsdən vurmaqda davam edib. 

Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Röyalə ilə 2003-cü ildə ailə həyatı qurub, birgə nigahdan iki övladı var: “Aprelin 11-də, saat 14:30-da yaşadığım evdə olarkən arvadımın günorta yemək verməsini gözlədim. Röyalə əvvəlcə yeməyi gətirərək qarşıma qoydu. Ondan duzu da gətirməsini istədim. Röyalə duzu gətirərək süfrəyə qoydu. Lakin süfrədə çörək olmadığı üçün ondan çörəyin də gətirilməsini bildirdim. Röyalənin süfrəni tam qaydada hazırlamadığını gördüm və əsəbiləşdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Röyalənin üzərinə gedərək əvvəlcə əl və yumruq zərbələri ilə onun sifət, baş nahiyələrinə vurdum. Sonra isə evin həyətinə getdim. Həyətdən ağac parçası götürdüm və yenidən geri qayırdım. Əlimdəki ağac parçası ilə Röyalənin başından, qolundan, bel nahiyələrindən bir neçə zərbə vuraraq onu döydüm. Bundan sonra ondan aralanaraq həyətə getdim. Orada oturaraq sakitləşdim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin gedişi zamanı ər-arvad barışdıqlarını elan ediblər. bununla bağlı məhkəməyə ərizə də təqdim ediblər. 

Bu halı nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində ittihamedici hökm çıxarmayıb. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top