YapiKredi Müraciət Forması
Cəmiyyət Özəl

Evliliyin boşanmaya doğru getdiyini göstərən 7 gizli əlamət

Evliliyin boşanmaya doğru getdiyini göstərən 7 gizli əlamət

Evliliklər adətən bir gündə sona çatmır. Münasibətlərdə yaranan kiçik narazılıqlar, diqqətsizlik, minnətdarlığın ifadə olunmaması və tərəflərdən birinin digərinin bağlılığına şübhə etməsi zamanla ciddi problemlərə çevrilə bilər. Psixoloqların fikrincə, bu əlamətləri vaxtında görmək münasibətləri xilas etmək üçün imkan yaradır.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC Science Focus" nəşrində dərc olunan məqalədə qeyd olunub.

Mütəxəssislər və minlərlə cütlüyün iştirak etdiyi araşdırmalar evliliyin dağılma riskini artıran yeddi əsas məqamı müəyyənləşdirib.

1. Cinsi yaxınlığın azalması

İngiltərədə fəaliyyət göstərən "OnePlusOne" fondunun tədqiqatçısı Şennon Herst bildirir ki, fiziki yaxınlıq cütlüklərin özlərini vahid komanda kimi hiss etməsinə kömək edən mühüm amillərdəndir. Təxminən 11 min cütlüyün məlumatlarının təhlil edildiyi və PNAS jurnalında dərc olunan araşdırma da aktiv cinsi həyatın münasibətdən məmnunluğu müəyyən edən əsas göstəricilərdən biri olduğunu ortaya qoyub.

Burada əsas məsələ yaxınlığın tezliyi deyil, hər iki tərəfin bundan razı qalmasıdır. Birlikdə vaxt keçirmək, qucaqlaşmaq və səmimi söhbətlər də münasibətdə bağlılığı gücləndirir.

2. Tərəflərdən birinin özünü qiymətləndirilməmiş hiss etməsi

Essex Universitetinin sosial psixoloqu Veronika Lamarşın fikrincə, sevildiyini və hörmət gördüyünü hiss etməyən insan həyat yoldaşı üçün fədakarlıq etməyə, onu bağışlamağa və münasibətə üstünlük verməyə daha az meyilli olur.

205 cütlüyün iştirakı ilə aparılan araşdırmada insanların həyat yoldaşlarının onlara nə qədər minnətdar olduğunu əslində olduğundan aşağı qiymətləndirdiyi müəyyən edilib. Başqa sözlə, təşəkkür hissi çox vaxt ifadə olunmadan qalır. Halbuki gündəlik həyatda minnətdarlığı göstərmək münasibətlərdə hörmətsizlik və kiçiltmə hallarının qarşısını almağa kömək edə bilər.

3. "Biz bir-birimiz üçün yaradılmışıq" düşüncəsi

İlk baxışda romantik görünən bu yanaşma münasibətlərin qorunması üçün tələb olunan zəhməti arxa plana keçirə bilər. 900-dən çox cütlüyün izlənildiyi araşdırmada taleyə əsaslanan münasibət inancına sahib insanların evliliyə daha xoşbəxt başladıqları, lakin iki il ərzində məmnunluqlarının münasibətlərin əmək və səylə inkişaf etdiyinə inananlarla müqayisədə təxminən iki dəfə sürətlə azaldığı müəyyən olunub.

Mütəxəssislər hesab edirlər ki, sağlam münasibət üçün tərəflər birgə planlar qurmalı, problemləri müzakirə etməli və lazım gəldikdə ailə terapiyasına müraciət etməlidirlər.

4. Kiçik diqqət çağırışlarının cavabsız qalması

Həyat yoldaşının gündəlik söhbət zamanı göstərdiyi kiçik marağa belə cavab verməmək münasibətlərə mənfi təsir edə bilər. Məsələn, birinin "Bax, pəncərəyə quş qonub" deməsi sadəcə məlumat vermək deyil, qarşı tərəflə ünsiyyət qurmaq cəhdi də ola bilər.

Psixoloqlar Con və Culi Qottmanın araşdırmalarına əsaslanan yanaşmaya görə, belə anlarda həyat yoldaşının diqqətinə qarşılıq vermək yaxınlığı gücləndirir. Əksinə, onu görməzdən gəlmək və ya kobud cavab vermək emosional məsafəni artıra bilər. Söhbət zamanı daim telefona baxmaq da bu cür diqqət çağırışlarının cavabsız qalmasının geniş yayılmış nümunəsidir.

5. Narahat bağlanma tərzi və bitməyən mübahisələr

Uşaqlıqda valideynlərlə qurulan münasibətlər insanın yetkin yaşda emosional bağlılığına təsir göstərə bilər. Narahat bağlanma tərzinə malik şəxslər tərk edilmək qorxusu ilə hərəkət edə, bəzən öz davranışları ilə partnyorlarını özlərindən uzaqlaşdıra bilərlər. Nəticədə qorxularını təsdiqləyən qapalı bir dövr yaranır.

Araşdırmalar göstərir ki, narahat bağlanma tərzi olan insanlar münaqişələri həyat yoldaşlarından daha kəskin qəbul edə bilirlər. Bununla belə, bağlanma tərzi dəyişməz deyil. Gündəlik dəstək və mübahisələri yumorla yumşaltmaq gərginliyin azalmasına kömək edə bilər.

6. Xarakter uyğunsuzluğunun əsas problem hesab edilməsi

Cütlüklər arasında mübahisələr artdıqda tərəflər çox vaxt bunu xarakterlərinin uyğun gəlməməsi ilə izah edirlər. Lakin araşdırmalara görə, nevrotiklik, yəni narahatlıq və mənfi emosiyalara meyillilik istisna olmaqla, şəxsiyyət xüsusiyyətlərinin münasibətdən məmnunluğa təsiri o qədər də böyük deyil.

Daha mühüm amillər həyat yoldaşının insana hörmət etməsi, onu qiymətləndirməsi və münasibətə sadiqliyini hiss etdirməsidir. Tədqiqatçılar bu göstəricilərin münasibətdən məmnunluğun təxminən 45 faizini izah etdiyini bildirirlər.

7. Həyat yoldaşının sədaqətinə və bağlılığına şübhə etmək

Münasibətin gələcəyinə ən güclü təsir göstərən amillərdən biri tərəflərin bir-birinin bağlılığına nə dərəcədə inanmasıdır. PNAS jurnalında dərc olunan araşdırmaya əsasən, insanın həyat yoldaşının münasibətə sadiq olduğuna dair qənaəti ailə xoşbəxtliyini müəyyən edən ən mühüm göstəricilərdən biridir.

11 mindən çox iştirakçının məlumatları əsasında aparılan başqa bir araşdırmada bağlılığın təxminən üçdə ikisinin üç amillə əlaqəli olduğu müəyyən edilib: hazırkı münasibətdən məmnunluq, alternativ münasibətlərin nə qədər cəlbedici görünməsi və cütlüyün birlikdə qurduğu həyat.

Sonuncuya birgə keçirilən vaxt, emosional əmək, ortaq dostlar, maddi sərvətlər və hətta birlikdə saxlanılan ev heyvanları da daxildir.

Mütəxəssislər vurğulayırlar ki, möhkəm evlilik yalnız böyük jestlərlə deyil, hər gün göstərilən diqqət, hörmət və qarşılıqlı səylə qurulur. Bu əlamətləri erkən mərhələdə görmək və problemləri açıq şəkildə müzakirə etmək münasibətlərin gələcəyini dəyişə bilər.

Jalə