YapiKredi Müraciət Forması
Cəmiyyət Özəl

Borc hansı halda əmlakın itirilməsi ilə nəticələnir? — Vəkil açıqladı

Borc hansı halda əmlakın itirilməsi ilə nəticələnir? — Vəkil açıqladı

Son dövrlər borc öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşların sayı, eləcə də borcların geri qaytarılması ilə bağlı mübahisələr diqqət çəkir. Borcun ödənilməməsi müəyyən hüquqi nəticələrə səbəb ola, bəzi hallarda isə borclunun əmlakına yönəldilə bilər.

Bəs borclu şəxs borcunu ödəyə bilmədikdə onu hansı hüquqi nəticələr gözləyir? Hansı hallarda əmlakın üzərinə həbs qoyula, onun satılması və ya məhkəmə yolu ilə borcun tutulması barədə qərar verilə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Misirə Xəlilzadə bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, borclu şəxs üzərinə götürdüyü pul öhdəliyini vaxtında yerinə yetirmədikdə, kreditor borcun ödənilməsini, qanuni əsaslar olduqda faizlərin, dəbbə pulunun və dəymiş zərərin əvəzinin tutulmasını tələb edə bilər.

Borc hansı halda əmlakın itirilməsi ilə nəticələnir? — Vəkil açıqladı

Onun sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərin icrası və icra edilməməsinin nəticələrinə dair müddəalarına görə, öhdəliklər müqavilənin və qanunun tələblərinə uyğun yerinə yetirilməlidir:

"Borclunun öhdəliyi pozması kreditorun məhkəməyə müraciət etməsi üçün əsas yarada bilər. Bununla belə, tələb olunan məbləğ, faizlər və digər ödənişlər hüquqi əsaslara və sübutlara söykənməlidir. Kreditor borcun könüllü ödənilmədiyi halda məhkəməyə müraciət edərək borcun tutulmasını tələb edə bilər. Məhkəmə işə baxarkən borcun yaranma əsasını, müqaviləni və ya digər sübutları, borcun məbləğini, ödəniş müddətini və borclunun etirazlarını qiymətləndirir. Tələb əsaslı hesab edildikdə, borcun tam və ya bir hissəsinin tutulması barədə məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya qanunla nəzərdə tutulan digər icra sənədi icraya yönəldildikdən sonra borclunun öhdəliyi məcburi icra tədbirləri vasitəsilə yerinə yetirilə bilər. Bu tədbirlərə bank hesablarında olan pul vəsaitlərinə, əməkhaqqına və digər gəlirlərə, habelə qanunla yol verilən hallarda borclunun əmlakına yönəlmə daxildir.

Azərbaycan Respublikasının "İcra haqqında" Qanununun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər daxildir.

İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

Borclunun əmlakına həbs qoyulması, həmin əmlaka tutmanın yönəldilməsi və əmlakın müsadirə edilməsi hüquqi mahiyyətinə və tətbiq edilmə əsaslarına görə fərqlənən hüquqi institutlardır. Əmlaka həbs qoyulması borclunun əmlakının qorunmasına, onun özgəninkiləşdirilməsinin və ya üzərində sərəncam verilməsinin məhdudlaşdırılmasına yönələn prosessual təminat tədbiridir. Əmlaka tutmanın yönəldilməsi isə icra sənədindən irəli gələn tələblərin yerinə yetirilməsini təmin etmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun pul vəsaitlərinin və ya digər əmlakının hesabına borcun ödənilməsini nəzərdə tutur.

Borclunun pul vəsaitləri hesabına icranın təmin edilməsi mümkün olmadıqda və ya kifayət etmədikdə, qanunla müəyyən edilmiş şərtlərə riayət olunmaqla, onun mülkiyyətində olan daşınar və daşınmaz əmlaka, o cümlədən nəqliyyat vasitələrinə və digər əmlakına tutma yönəldilə bilər. Bu zaman əmlakın hüquqi statusu, onun üzərində mövcud olan yüklülüklər, habelə qanunvericiliklə müəyyən edilmiş toxunulmazlıq və məhdudiyyətlər nəzərə alınmalıdır. Girov və ipoteka ilə təmin edilmiş öhdəliklər üzrə müvafiq əmlaka tutmanın yönəldilməsi isə xüsusi qanunvericilik normalarına uyğun həyata keçirilir. Müsadirə isə əmlakın qanunla nəzərdə tutulmuş əsaslar üzrə məcburi və əvəzsiz olaraq dövlət mülkiyyətinə keçirilməsini ifadə edir və adi borc öhdəliyinin icrası ilə eyniləşdirilə bilməz. Beləliklə, borcun ödənilməməsi öz-özlüyündə borclunun əmlakının müsadirəsi üçün əsas yaratmır; əmlaka həbs qoyulması və ya ona tutmanın yönəldilməsi yalnız müvafiq hüquqi əsaslar və qanunvericiliklə müəyyən edilmiş prosedurlar çərçivəsində mümkündür.

Bununla yanaşı, qanun borclunun və onun ailə üzvlərinin zəruri ehtiyaclarının qorunmasını da nəzərdə tutur. "İcra haqqında" Qanunun 49-cu maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan qida məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. Qanunvericiliklə qorunan digər əmlak növləri də mövcuddur. Həmçinin borclunun ailə üzvünə və ya başqa şəxsə məxsus əmlak sırf borclu ilə əlaqəsinə görə avtomatik olaraq borcun ödənilməsi üçün götürülə bilməz; əmlakın kimə məxsus olması və digər şəxslərin hüquqları nəzərə alınmalıdır.

Borclunun maddi vəziyyəti borcun birdəfəlik ödənilməsinə imkan vermədikdə, o, kreditorla borcun hissə-hissə ödənilməsi və ya ödəniş müddətinin dəyişdirilməsi barədə razılığa gəlmək hüququndan istifadə edə bilər. Eyni zamanda, borcun məbləğinin düzgün hesablanmaması, əvvəlki ödənişlərin nəzərə alınmaması, yaxud borcluya məxsus olmayan əmlaka tutmanın yönəldilməsi hallarında, müvafiq sübutlar əsasında qanunla müəyyən edilmiş qaydada etiraz etmək və pozulmuş hüquqlarının müdafiəsini tələb etmək mümkündür. Beləliklə, borcun ödənilməməsi kreditorun məhkəmə müdafiəsinə müraciət etməsinə və qanuni icra tədbirlərinin tətbiqinə səbəb ola bilər. Lakin borclunun əmlakına həbs qoyulması, həmin əmlakın satılması və ya müsadirəsi yalnız qanunla müəyyən edilmiş əsaslar və prosedurlar çərçivəsində mümkündür. Hər bir konkret halda borcun növü, müqavilənin şərtləri, icra sənədinin mövcudluğu, əmlakın hüquqi statusu və borclunun etirazları ayrıca qiymətləndirilməlidir.

Tövsiyə edirəm ki, kredit təşkilatı tərəfindən borcun tutulması ilə bağlı məhkəməyə müraciət edildiyi təqdirdə, hüquq və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə peşəkar hüquqi yardımdan istifadə etsinlər. Bu, irəli sürülmüş tələblərin hüquqi əsaslarının yoxlanılmasına, borc məbləğinin düzgünlüyünün qiymətləndirilməsinə, mövcud etiraz və sübutların vaxtında təqdim edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş müdafiə vasitələrindən səmərəli istifadə olunmasına imkan verir".

Nuray Paşşanlı