65 yaşdan sonra dərinin quruluşu və funksiyaları dəyişdiyindən gündəlik gigiyena qaydalarına da yenidən baxmaq tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, bu yaşda duşun tezliyi insanın dəri vəziyyətindən, fiziki aktivliyindən və fərdi ehtiyaclarından asılıdır.
Demokrat.az xəbər verir ki, bu barədə Macarıstanın "Hazipatika" nəşri yazıb.
Məlumata görə, 65 yaşdan yuxarı insanlar üçün duş qəbulunun konkret və hamıya uyğun tezliyi müəyyən edilməyib. Bir çox yaşlı insan üçün həftədə bir neçə dəfə duş qəbul etmək kifayət edə bilər. Digər günlərdə isə bədənin zəruri nahiyələrinin gigiyenasına diqqət yetirmək vacibdir. Bununla yanaşı, dəri tez-tez yuyulmağa normal reaksiya verirsə, hər gün duş qəbul etmək də mümkündür.
İsti havalarda, fiziki fəaliyyətdən sonra və ya tərləmə artdıqda daha tez-tez yuyunmağa ehtiyac yarana bilər.
Yaşlandıqca dəri niyə quruyur?
Yaş artdıqca dəri nazikləşə, piy vəzilərinin fəaliyyəti zəifləyə və onun nəm saxlamaq qabiliyyəti azala bilər. Nəticədə quruluq, qabıqlanma və qaşınma kimi problemlər meydana çıxır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, uzun müddət isti su altında qalmaq və sərt tərkibli yuyucu vasitələrdən istifadə dərinin təbii qoruyucu baryerinə zərər verə, quruluğu daha da artıra bilər. Buna görə də yalnız duşun tezliyi deyil, yuyunma qaydası da əhəmiyyətlidir.
65 yaşdan sonra duş qəbulunun düzgün qaydaları
Mütəxəssislər dərini qurutmadan təmiz saxlamaq üçün bir neçə məqama əməl etməyi məsləhət görürlər:
- İlıq sudan istifadə edin. Çox isti su əvəzinə ilıq suya üstünlük verilməli, duşun müddəti 5-10 dəqiqə ilə məhdudlaşdırılmalıdır.
- Yumşaq təmizləyici vasitələr seçin. Xüsusilə qoltuqaltı, qasıq nahiyəsi, xarici cinsiyyət orqanları və ayaqların gigiyenasına diqqət yetirilməlidir. Quru və həssas dəri üçün ətirsiz, zərif tərkibli vasitələr daha uyğundur.
- Dərini sərt şəkildə ovmayın. Hər gün bütün bədəni sabunlamaq vacib deyil. Yuyunarkən dərini güclü sürtməkdən çəkinmək lazımdır.
- Duşdan sonra nəmləndirici krem çəkin. Bədəni dəsmalla sürtmədən, yüngül hərəkətlərlə qurulamaq, daha sonra isə dəri hələ azca nəmli ikən nəmləndirici vasitə tətbiq etmək tövsiyə olunur.
Bu qaydalar dərinin nəmini qorumağa, quruluq və qıcıqlanma riskini azaltmağa kömək edə bilər.
Jalə


