Qanda xolesterinin səviyyəsi və arterial təzyiqi yüksək olan insanlar qidalanma zamanı ara yeməklərin seçiminə də diqqət yetirməlidirlər. Kardioloqlar belə hallarda az yağlı yunan yoqurtunu giləmeyvə və ya digər meyvələrlə birlikdə qəbul etməyi tövsiyə edirlər.
Demokrat.az xəbər verir ki, bu barədə "Verywell Health" portalı məlumat yayıb.
ABŞ-ın Baltimor şəhərində yerləşən Merilend Universitetinin Tibb Mərkəzinin kardioloqu Aleks Giftopulosun sözlərinə görə, faydalı ara yeməklər liflə zəngin, duz, yağ və şəkər baxımından isə az olmalıdır. Zülal tərkibli qidaların seçilməsi də məqsədəuyğundur. Yunan yoqurtu orqanizmi zülalla, meyvələr isə liflə təmin edir.
Lif xolesterinin azalmasına necə kömək edir?
Həkim bildirib ki, lif həzm sistemində öd turşularına bağlanaraq onların orqanizm tərəfindən yenidən sorulmasını məhdudlaşdıra bilər. Nəticədə bədən yeni öd turşuları istehsal etmək üçün qandakı xolesterindən istifadə edir. Bu proses xolesterinin səviyyəsinin azalmasına kömək edə bilər.
Zülal isə toxluq hissini daha uzun müddət qorumağa yardım edir. Beləliklə, insanın tez-tez yemək istəyi azalır və əlavə qida qəbulunu nəzarətdə saxlamaq asanlaşır.
Hansı ara yeməklər faydalıdır?
Kardioloq az duzlu qoz-fındıq qarışığını və yağ əlavə edilmədən, isti hava ilə hazırlanmış popkornu da yaxşı seçimlər arasında göstərib. Qoz-fındıq həm zülal, həm də lif mənbəyidir. Popkorn isə liflə zəngindir.
Bunun əksinə, kartof çipsləri, hazır peçenye və krakerlər kimi yüksək dərəcədə emal olunmuş məhsulların istehlakını məhdudlaşdırmaq məsləhət görülür. Bu qidalar çox vaxt artıq duz, əlavə yağlar və rafinə edilmiş karbohidratlar ehtiva edir.
Həkim gündəlik qidalanmada tərəvəzlərə, yağsız ətə və bitki mənşəli zülal mənbələrinə üstünlük verməyi tövsiyə edib. Onun sözlərinə görə, dondurulmuş tərəvəz və meyvələr də münasib seçimdir. Konservləşdirilmiş məhsullar isə əlavə şəkər və yüksək miqdarda duz ehtiva etmədikdə istifadə oluna bilər.
Jalə


