Bolqar bibərinin rəngi yalnız görünüşünə təsir etmir, həm də onun dadını, qida dəyərini və tərkibindəki vitaminlərin miqdarını müəyyənləşdirir. Mütəxəssislərin diqqətinə görə, qırmızı və sarı bibər bəzi faydalı maddələrlə daha zəngin olsa da, yaşıl bibərin də öz üstünlükləri var.
Demokrat.az xəbər verir ki, bu barədə "ZME Science" nəşri məlumat yayıb.
Məlumata görə, bolqar bibərləri yetişmə prosesinin əvvəlində yaşıl olur. Meyvə yetişdikcə xlorofil parçalanır, karotinoidlər adlanan piqmentlər toplanır və bibərin rəngi əvvəlcə sarıya, narıncıya, daha sonra isə qırmızıya çevrilir.
Rəng fərqi onların dadında da hiss olunur. Təxminən səkkiz həftədən sonra yığılan yaşıl bibərlər tam yetişmədiyi üçün bir qədər acımtıl, daha bərk və xırtıldayan olur. Sarı və narıncı bibərlər daha yumşaq və şirin dada malikdir. Bitkidə daha uzun müddət qalan qırmızı bibər isə ən şirin və ətirli növ hesab olunur.
Qida dəyərinə gəlincə, yaşıl, sarı və narıncı bibərlərdə göz sağlamlığı üçün əhəmiyyətli olan lutein, violaksantin və zeaksantin kimi maddələr var. Narıncı və qırmızı bibərlər C vitamini və orqanizmdə A vitamininə çevrilən beta-karotinlə daha zəngindir. Qırmızı bibərdə hüceyrələri zədələnmədən qorumağa kömək edən antioksidant – kapsantin də daha çoxdur.
Bibərin hazırlanma üsulu da onun qida dəyərinə təsir göstərir. İstilik emalı karotinoidlərin və polifenolların orqanizm tərəfindən mənimsənilməsini asanlaşdıra bilər, lakin C vitamininin miqdarını azaldır. Buna görə də müxtəlif rəngli bibərləri həm çiy, həm də bişmiş halda yemək tövsiyə olunur.
Bibərin qiyməti də yetişmə müddətindən və becərilmə çətinliyindən asılıdır. Yaşıl bibər adətən daha ucuz olur, çünki daha tez yığılır. Qırmızı bibərin yetişməsi daha çox vaxt tələb edir, sarı bibər isə bəzi hallarda becərilmə xüsusiyyətlərinə görə daha baha satılır.
Nəşr vurğulayır ki, bibərin forması onun qida dəyərini müəyyən etmir. Görünüşü qeyri-standart olan meyvələr də digər bibərlər kimi faydalı ola bilər.
Jalə


