YapiKredi Müraciət Forması
Özəl Aqrar-sənaye kompleksi

Qışda bu tərəvəz bahalaşa bilər — Açıqlama

Qışda bu tərəvəz bahalaşa bilər — Açıqlama

Azərbaycanın kartof ixracından əldə etdiyi gəlirin artması daxili bazarda qiymətlərin dəyişməsi ilə bağlı suallar yaradıb. Belə ki, ixrac həcminin çoxalması ölkədə kartofun təklifinə təsir göstərə, nəticədə daxili bazarda qıtlıq və qiymət artımı riski yarada bilər. Xüsusilə qarşıdakı dövrdə mövsümi amillərin də qiymətlərə təsiri diqqət çəkir.

İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın kartof ixracından əldə etdiyi gəlirin artması kənd təsərrüfatı və qeyri-neft ixracı baxımından müsbət göstəricidir.

Qışda bu tərəvəz bahalaşa bilər — Açıqlama

Onun sözlərinə görə, amma bu prosesin daxili bazara təsirlərini də nəzərə almaq lazımdır:

"Çünki kartof əhalinin gündəlik istehlakında mühüm yer tutan əsas ərzaq məhsullarından biridir. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın kartof ixracından təxminən 30 milyon dollar gəlir əldə etməsi ixrac potensialının mövcudluğunu göstərir. Bununla yanaşı, ixracın artmasının daxili bazarda avtomatik olaraq qıtlıq yaradacağını demək düzgün olmaz. Burada ölkədə istehsal olunan məhsulun həcmi, daxili istehlak, idxal imkanları və mövsümi ehtiyatlar birlikdə qiymətləndirilməlidir.

Qarşıdakı dövrdə kartofun qiymətinə təsir edə biləcək bir neçə mühüm amil var. İlk növbədə mövsümilik nəzərə alınmalıdır. Yay və payız aylarında yerli məhsulun bazara çıxması təklifi artırır. Qış aylarında isə saxlanılan məhsulun həcmi, keyfiyyəti və anbar imkanları qiymətlərin formalaşmasında daha böyük rol oynayır. İxrac bazarlarında qiymətlər daxili bazarla müqayisədə daha sərfəli olduqda fermerlərin məhsulu xaricə satmağa marağı artır. Bu, iqtisadi baxımdan təbii davranışdır. Lakin ixracın həcmi daxili bazarın tələbatı nəzərə alınmadan artarsa, ölkə daxilində təklif azala və qiymətlər yüksələ bilər. Xüsusilə məhsuldarlığın aşağı olduğu və ehtiyatların məhdudlaşdığı dövrlərdə bu risk daha da artır.

Digər mühüm məsələlərdən biri də məhsulun saxlanılmasıdır. Azərbaycanda kənd təsərrüfatı məhsullarının uzun müddət keyfiyyətini itirmədən saxlanılması üçün müasir soyuducu və anbar infrastrukturunun genişləndirilməsinə ehtiyac var. Fermer məhsulu yığım dövründə satmağa məcbur olduqda, ilin sonrakı aylarında bazarda təklif azalır və idxaldan asılılıq yüksəlir. Bu isə qiymətlərə əlavə təzyiq yaradır.

Bundan başqa kartofun maya dəyərinə gübrə, toxum, yanacaq, suvarma, əməkhaqqı, qablaşdırma və daşınma xərcləri də təsir edir. İstehsal xərclərinin artması məhsulun satış qiymətində də öz əksini tapır. Hazırkı iqtisadi şəraitdə ərzaq qiymətlərinin ümumi artımı fonunda bu amillərin təsiri daha aydın hiss olunur.

Hesab edirəm ki, qarşıdakı payız-qış dövründə kartofun qiymətində artım riskini tam istisna etmək olmaz. Lakin bunu yalnız ixracın artımı ilə əlaqələndirmək doğru deyil. Daxili istehsalın həcmi, bazardakı ehtiyatlar, idxalın davamlılığı və logistika xərcləri qiymətlərin hansı istiqamətdə dəyişəcəyini müəyyən edəcək.

Dövlət aqrar siyasətində ixrac imkanlarının genişləndirilməsi ilə yanaşı, daxili ərzaq bazarının təminatına da diqqət yetirilməlidir. İstehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, müasir saxlama anbarlarının yaradılması və məhsulun istehsalçıdan istehlakçıya çatdırılması zəncirində xərclərin azaldılması vacibdir.

Ümumilikdə isə ixrac fermerlərin gəlirlərini və ölkəyə valyuta daxilolmalarını artıra bilər. Eyni zamanda, daxili bazarda təklifin kifayət qədər olması təmin edilməlidir. Çünki kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan iqtisadi fayda əhalinin ərzaq məhsullarını münasib qiymətlərlə əldə etmək imkanlarını məhdudlaşdırmamalıdır".

Nuray Paşşanlı