“Türk sözlərindən istifadə edirlər, amma nəzərə almırlar ki...” — Filoloq TƏNQİD ETDİ

GÜNDƏM 30 may 2025, 15:11
“Çox zaman təhsil və mütaliə səviyyəsindən asılı olmayaraq insanlarımız Türkiyə türkcəsindən söz alaraq işlətməyə meyllənirlər. Amma bu zaman alınıb istifadə olunan kəlmənin ərəb və ya fars mənşəli olduğu nəzərə alınmır, nəticədə Azərbaycan türkcəsinin özünəxas türkcə sözlərinin yerini bəzən ərəb mənşəli sözlər almış olur. Yaxud bir ərəbcə söz digər ərəbcə sözlə əvəz olunur”.

Bunu Demokrat.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva deyib. O bildirib ki, son zamanlar ədəbi dilin və danışıq dilinin leksik tərkibində baş verən dəyişikliklər kortəbii və pərakəndə olduğundan, arzuolunmaz nəticələrə gətirib çıxarır:

“Məsələn, "təəssüf" kimi daha anlaşıqlı sözün yerini "məaləsəf" (təəssüflə) sözünün təhrif olunmuş şəkli alır. "Zatən", "falan", "yansımak", "uğurlamaq", "şiddət" və s. kimi sözlərin yerli-yersiz istifadəsinə təkcə gənclərin deyil, orta və yaşlı nəslin yazı və dilində də sıx-sıx şahid oluruq. Zənnimcə, dilimizdə vətəndaşlıq hüququ qazanmış, fikri ifadədə uğurla istifadə olunan sözlərin əvəz olunması kortəbii seçimlə olmamalıdır. Bu kimi sözlərin seçimi və əvəzlənməsinə ciddi nəzarət mexanizmi işlənməli, Azərbaycan türkcəsinin zənginlik və gözəlliklərinin təbliği hər bir ziyalının borcu olmalıdır.
Xüsusilə, saytlardakı jurnalist yazıları və televiziya aparıcılarının nitqi cilalanmalıdır. Çünki onların dilin tərkibinin müəyyənləşməsinə təsir etmə gücü daha artıq olur”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top